881-Çağrı mərkəzi
Kabinetə giriş

Bələdiyyələr haqqında məlumat

Municipiality Photo
Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.
Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir. 
Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
1)bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Bələdiyyə üzvü
Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.
Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir. 

Bələdiyyənin iclası
Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə iclasının gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir.
Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir.
Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.
Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

Bələdiyyələrin qərarları
Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Bələdiyyənin sədri və sədr müavini
Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Bələdiyyə mülkiyyəti
Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Yerli büdcə
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.
Yerli büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. 
Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.
Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.

Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 
2. fiziki şəxslərdən əmlak vergisi;
3. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
4. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;  
5. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər; 
6. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar; 
7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;  
8. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
9. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;
10. yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.

Davamını oxu

Yerli özünüidarəetmə ilə bağlı xəbərlər

Əsas xəbərlər

22 noyabr 202213:51

53

Yerli özünüidarəetmə orqanları - bələdiyyələrin fəaliyyətinə dair video-çarx


Hamısını oxu

Əsas xəbərlər

05 noyabr 202219:20

54

Zəfər Günü Ədliyyə Nazirliyində təntənəli qeyd olunub

Şanlı tariximiz olan Vətən müharibəsində qazanılmış misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Zəfər Günü ölkəmizin hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə təntənəli şəkildə geniş qeyd olunur.
Bu münasibətlə Ədliyyə Nazirliyində və struktur qurumlarda silsilə tədbirlər təşkil edilib, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən II Fəxri xiyabanda Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi anılıb. Şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, nazirlikdə çalışdığı xidməti otaqların qarşısında xatirə lövhələri quraşdırılıb.
Böyük Qələbənin ildönümü ilə bağlı ədliyyə orqanlarında çalışan Vətən müharibəsi veteranları və ailə üzvü şəhid olmuş işçilər mükafatlandırılıb, habelə ailələrinə və döyüşlərdə yaralanmış əməkdaşlara baş çəkilərək qayğı göstərilib, Qarabağ Dirçəliş Fonduna könüllü ianələr edilib.
Noyabrın 5-də Ədliyyə Nazirliyində Zəfər Gününə həsr olunan təntənəli yığıncaq keçirilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, nazirliyin rəhbər heyəti və əməkdaşları, o cümlədən müharibə veteranları və kollektivin üzvü şəhid ədliyyə işçisinin həyat yoldaşı və qonaqlar iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib. Zəfər muzeyinin qarşısında şəhid ədliyyə işçisi R.Xəlilovun barelyefinin açılışı olub.
Sonra keçirilən yığıncaq Vətən uğrunda canını fəda edən şəhidlərimizin işıqlı xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, Vətən müharibəsində zəfər yolundan bəhs olunaraq bayram münasibətilə hazırlanmış film nümayiş etdirilib.
Ədliyyə naziri çıxış edərək Zəfər Günü münasibətilə kollektivi təbrik edib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbədən danışıb, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinin və hər bir azərbaycanlının arzusunun reallığa çevrilərək müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması ilə xalqımızın zəfər salnaməsinin yazıldığını vurğulayıb.
Bildirib ki, Ümummilli Liderin milli müstəqilliyimizin rəmzi olaraq qəbul etdiyi üçrəngli bayrağımıza hörmət və ehtiram əlaməti olaraq təsis edilmiş Dövlət Bayrağı Günü yaxınlaşır və milli qürur mənbəyimiz olan bayrağımız ölkə Prezidentimiz tərəfindən azad edilmiş ərazilərimizdə ucaldılaraq vüqarla dalğalanır.
Dövlət başçısının rəhbərliyi ilə doğma torpaqlarımız nəhəng quruculuq işləri aparılmaqla sürətlə bərpa olunur, soydaşlarımız artıq öz dədə-baba yurdlarına dönürlər. Bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin əvvəlki siması və şöhrəti özünə qaytarılaraq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir.
Yığıncaqda müharibə başlanan andan Ədliyyə Nazirliyinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəmədiyi qeyd olunub, ədliyyə və məhkəmə işçilərinin döyüşlərdə igidlik və mərdliklə iştirak edərək əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyi vurğulanaraq onların çoxsaylı dövlət medallarına layiq görüldüyü bildirilib. Nazirliyin növbəti böyük qrup əməkdaşlarına dövlət təltifləri, eləcə də müharibə veteranı vəsiqələri təqdim olunub.
Təltif olunan əməkdaşlar çıxış edərək müharibə iştirakçılarının və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.
Tədbirə dəvət olunmuş Müdafiə Nazirliyinin qurum rəhbəri, müharibə veteranı polkovnik Elşad Əbilov çıxış edərək Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası ilə bağlı qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib, Silahlı Qüvvələrimizdə gənclərimizin milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutaraq Vətənə, xalqa, dövlətə sədaqətli xidmətlərini bu gün də şərəflə davam etdirdiyini vurğulayıb.
Bayram tədbirləri çərçivəsində ədliyyə işçiləri və könüllüləri xalqımızın parlaq zəfərinin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı ilə tanış olublar. Nazirliyin Vətən müharibəsinə həsr olunmuş muzeyi yeni və maraqlı ekspozisiyalarla zənginləşdirilib, video-çarxlar, slaydlar nümayiş etdirilib.
Eyni zamanda ədliyyə orqanları arasında futzal turniri keçirilir, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, nazirliyin internet saytında, o cümlədən “Qarabağ Azərbaycandır” elektron platformasında və sosial media hesablarında məlumatlar paylaşılır.

Hamısını oxu

Əsas xəbərlər

01 noyabr 202212:07

42

Yerli özünüidarəetmə orqanları tərəfindən müharibə iştirakçılarına və şəhid ailələrinə diqqət və qayğı göstərilir

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın şücaəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, şəhidlərimizin xatirəsi uca tutularaq dərin ehtiramla yad edilir.

Eyni zamanda müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmaqla onların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülür. Həmin şəxslərin qayğılarına həssas münasibət hər bir kəsin vətəndaşlıq borcudur.

Yerli özünüidarəetmə orqanları tərəfindən də şəhid ailələrinin və müharibə iştirakçılarının müraciətlərinə hər zaman diqqətlə yanaşılması, problemlərinin həlli, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülür, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə mütəmadi metodoloji iş aparılır, onlara tövsiyələr göndərilir.

Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının yerli özünüidarəetmə fəaliyyəti barədə (əsasən torpaq tələbi) müraciətləri nazirlik tərəfindən xüsusilə nəzarətdə saxlanılaraq həlli ilə bağlı zəruri tədbirlər görülür. Vətən müharibəsindən sonrakı dövrdə 200-dək belə müraciətin təmin olunası müharibə iştirakçıları və şəhid ailələri tərəfindən minnətdarlıqla qarşılanıb.

Həmçinin bu dövrdə bələdiyyələr tərəfindən 500-ə yaxın şəhid ailəsi və müharibə iştirakçısına ümumilikdə 250 hektaradək torpaq sahəsi ayrılaraq mülkiyyətinə və icarəsinə verilib.

Bu tədbirlər çərçivəsində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilərək bələdiyyələr tərəfindən 329 şəhidin qəbirüstü abidəsi, 300-ə yaxın şəhidin xatirə lövhəsi tikilib, 135 abidə kompleksi və 157 bulaq istifadəyə verilib. Şəhidlərimizin anım mərasimi ilə bağlı 400-dək tədbir təşkil olunub, habelə şəhid ailələrinə və müharibə iştirakçılarına maddi yardımlar göstərilib, yaşadıqları evlərin və küçələrin təmiri və s. qayğılarının həlli üzrə davamlı tədbirlər görülüb.

Bu müddət ərzində qeyd olunan tədbirlərin həyata keçirilməsinə bələdiyyə büdcəsindən ümumilikdə 2,7 milyon manatdan çox vəsait xərclənib.

Bələdiyyələr tərəfindən müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları diqqətdə saxlanılaraq müvafiq tədbirlər davam etdirilir.


Hamısını oxu
Bütün xəbərlər

Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti

Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti

Ədliyyə Nazirliyinin yerli özünüidarəetmə sahəsində fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq aşağıdakılardır: 1) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət 2) bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım
Davamını oxu

Azərbaycan

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.

Davamını oxu