881-Çağrı mərkəzi
Kabinetə giriş

Azərbaycan haqqında ümumi məlumat

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00 — da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir.Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir.


Yer kürəsində məlum olan 2000-dən çox palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.


Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.


Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.