881-Çağrı mərkəzi
Kabinetə giriş

Bələdiyyələr haqqında məlumat

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.
Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir. 
Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
1)bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Bələdiyyə üzvü
Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.
Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir. 

Bələdiyyənin iclası
Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə iclasının gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir.
Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir.
Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.
Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

Bələdiyyələrin qərarları
Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Bələdiyyənin sədri və sədr müavini
Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Bələdiyyə mülkiyyəti
Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Yerli büdcə
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.
Yerli büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. 
Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.
Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.

Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 
2. fiziki şəxslərdən əmlak vergisi;
3. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
4. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;  
5. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər; 
6. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar; 
7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;  
8. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
9. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;
10. yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.