881-Çağrı mərkəzi
Kabinetə giriş

Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti

Ədliyyə Nazirliyinin yerli özünüidarəetmə sahəsində fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq bunlardır:


  • bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət;

  • bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım. 


Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İnzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların (“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş) bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır:


1. inzibati nəzarət orqanına təqdim edilən bələdiyyə aktları normativ hüquqi aktlara zidd olduqda;


2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda.


İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyə aktının normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir.


Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım - bələdiyyələrin fəaliyyətinin Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğun, mütərəqqi beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla səmərəli təşkilinə nail olunması məqsədilə həyata keçirilir. Kömək və metodoloji yardım bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.

Kömək və metodoloji yardım bələdiyyələrin fəaliyyətinin qanunauyğun və səmərəli təşkili məqsədilə aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

1. bələdiyyələrdə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi;

2. yerli büdcənin tərtibi, təsdiqi və icrası, həmçinin yerli büdcənin icrasına dair hesabatların verilməsi;

3. bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından istifadə;

4. bələdiyyə iclaslarının keçirilməsi, bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərinin icrası;

5. bələdiyyənin icra aparatının təşkili, bələdiyyə qulluğuna qəbul;

6. bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq;

7. qanunvericiklə bələdiyyələrin fəaliyyətinə aid edilmiş digər məsələlər.


Kömək və metodoloji yardım aşağıdakı üsul və vasitələrlə həyata keçirilir:

1. bələdiyyə üzvləri və qulluqçularının hüquqi biliklərinin artırılmasına kömək məqsədilə aşağıdakı formalarda maarifçilik tədbirlərinin keçirilməsi: seminarlar; tədris kursları; təlimlər; metodik vəsaitlərin hazırlanması; bələdiyyə üzvləri və qulluqçularının sorğularının cavablandırılması.


2. fəaliyyətlərində və ya onun ayrı-ayrı sahələrində səmərəli nəticələrə nail olmuş bələdiyyələrin müsbət iş təcrübəsinin digər bələdiyyələrə təşviq edilməsi;


3. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə müsbət iş təcrübəsinin formalaşdırılması məqsədilə pilot bələdiyyələr müəyyənləşdirilərək onlarla müvafiq iş aparılması, səmərəli nəticələrə nail olunduqdan sonra həmin təcrübələrin digər bələdiyyələr tərəfindən öyrənilməsinin təmin olunması;


4. bələdiyyələrin fəaliyyətinin təşkilində müəyyən edilən nöqsanların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, fəaliyyətinin qanunauyğun və səmərəli təşkili məqsədilə bələdiyyələrə tövsiyələrin verilməsi;


5. bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təhlil edilərək yerli özünüidarə sahəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin həlli və işin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi barədə müvafiq təkliflərin hazırlanması;


6. bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidaretmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsi (təcrübəsi öyrəniləcək ölkələrin Mərkəz tərəfindən müəyyənləşdirilməsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılır);


7. bələdiyyənin fəaliyyətinin təşkilinin səmərəliliyini artırmağa mane olan hallar aşkar edildikdə onların həlli barədə Mərkəz tərəfindən aidiyyəti orqanlara müraciət edilməsi və ya bu məqsədlə Nazirliyin rəhbərliyinin qarşısında məsələ qaldırılması.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə (2021-ci il üzrə)

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə (2020-ci il üzrə)

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə (2019-cu il üzrə)

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə (2018-ci il üzrə)