881-Çağrı mərkəzi
Kabinetə giriş

Məqalələr

Yerli özünüidarəetmədə şəffaflıq

Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.
Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Subyektivliyin aradan qaldırılması üçün sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq yeni idarəetmə modelləri bunun üçün şəffaflığın artırılmasını ön plana çəkir.
Demokratik idarəetmə siteminin bir qolu kimi bələdiyyələrin də fəaliyyətinin təşkilinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmişdir. Belə ki, Konstitusiyamızın 142-ci maddəsinin I hissəsinə əsasən ölkəmizdə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da, bələdiyyələrin işinin şəffaf təşkil edilməsi, yerli əhalinin onların fəaliyyəti ilə yaxından tanış olması üçün şəraitin yaradılması yerli özünüidarəetmənin mahiyyətindən irəli gələn ən vacib tələblərdir və buna əməl edilmədən yerli özünüidarəetməni təsəvvür etmək mümkün deyildir.
Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Çünki, əhali qarşısında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hesabat verən bələdiyyələr yerli əhalinin problemlərinə bələd olmaqla yanaşı, onların həlli üçün qərarlar qəbul edirlər. Həmin qərarlar bir çox hallarda əhalinin yaşayışına, üzləşdikləri məsələlərə aid olduğundan, yerli əhalinin etimad göstərərək seçdiyi bələdiyyə üzvləri fəaliyyətə başladıqları gündən onlara göstərilən etimadı doğrultmalarını gördükləri iş barədə əhalini ardıcıl məlumatlandırmaqla təsdiqləyirlər.
Bələdiyyələrlə bağlı qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə dair kifayət qədər tənzimləyici normalar müəyyən edilmişdir. Bu normalar istər bələdiyyələrin özünə, istər dövlətə, istərsə də əhaliyə qarşı münasibətdə özünü göstərir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçiciləri qarşısında hesabat verir. Bu Qanunun 17-ci maddəsinin 5-ci hissəsinə görə daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.
Adı çəkilən Qanunun 52-2-ci maddəsinə görə bələdiyyələr Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi və bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verirlər. Bununla yanaşı, bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim etməlidirlər. Bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.
Şəffaflığın təmin edilməsi məqsədilə dövlət idarəçiliyinin həyata keçirilməsinə Azəbaycan Respublikası vətəndaşlarının cəlb edilməsi üçün “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. İctimai iştirakçılığın əsas məqsədləri yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması və əsas insan və vətəndaş hüquqlarının qorunmasıdır.
Qanunun tələblərinə görə yerli büdcənin tərtibi və icrası ilə bağlı bütün işlər də şəffaflıqla həyata keçirilməlidir. Belə ki, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının      15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin tanış olması məqsədi ilə dərc edilir. Həmin Qanunun 11-ci maddəsinin 3-cü bəndinə görə bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın      30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar. Qanunun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinin uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir.
Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Bələdiyyə büdcəsininin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” mövzusunda metodik vəsait hazırlanaraq bələdiyyələrə paylanmışdır. Bu vəsaitdə yerli büdcə məsələləri, büdcənin gəlir və xərcləri, büdcə prossesi və bu prossesə vətəndaş cəmiyyətinin cəlb olunması, büdcənin tərtibi və icrası, bələdiyyələrdə şəffaf büdcə siyasəti, onun əhəmiyyəti, bələdiyyə büdcəsinə nəzarət, büdcənin auditi, monitorinqi və büdcənin təhlili kimi mövzular da işıqlandırılmış və müəyyən tövsiyyələr verilmişdir.
“Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə görə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində faəliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.
Təkcə maliyyə sahəsində deyil, eyni zamanda bələdiyyələrin hüquqi, ekoloji, sosial məsələlərlə bağlı fəaliyyətində də şəffaflıq təmin edilməlidir. Bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin qanunvericiliyə uyğun idarə edilməsi xüsusi mülkiyyətə və icarəyə verilən torpaq sahələri barədə, habelə bələdiyyə ərazisində yaşayan müəyyən sosial təbəqələrə güzəştlərin edilməsi, maddi kömək göstərilməsi barədə yerli əhaliyə məlumat verməklə bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi mümkündür. Ədliyyə Nazirliyinə daxil olmuş müraciətlər isə göstərir ki, bir sıra bələdiyyələrdə mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhaliyə məlumat verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 8-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər.
Bələdiyyələrdə kadr potensialının gücləndirilməsi, yerli özünüidarə işində qanunçuluğun təminatı bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsindən də çox asılıdır. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə görə bələdiyyə qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilməlidir. Müsabiqə komissiyasının yaradılması, fəaliyyəti, hüquq və vəzifələri həmin Qanunla müəyyən edilmişdir. Bu sahədə qanunun tətbiqinə kömək məqsədilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Bələdiyyə qulluğuna qəbulda şəffaflıq” adlı metodik vəsait hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş və Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Həmin vəsaitdə “Bələdiyyə qulluğu haqqında” Qanundan istifadə edilərək bələdiyyə qulluğunun təşkili, qulluğa qəbul qaydaları, qulluğa qəbulla bağlı məhdudiyyətlər, bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqənin elan edilməsi qaydaları, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi, müsabiqənin nəticələrinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur.
Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi vasitələrindən biri kimi vətəndaşların və kütləvi informasiya vasitələrinin sorğularına vaxtında və dolğun cavab verilməsi də çox önəmlidir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə uyğun olaraq bələdiyyələr informasiya sahibi sayılırlar. Həmin Qanunun 10-cu maddəsinə əsasən, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.
Qanunun 29-cu maddəsinə görə, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:
- ümumiləşdirilmiş statistik məlumatlar;
- büdcə proqnozları;
- bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;
- bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;
- bələdiyyələrin fəaliyyəti barədə hesabatlar;
- bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;
- informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar;
- bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərar qüvvəyə mindiyi gündən;
- bələdiyyələrin vakansiyaları haqqında məlumatlar;
- bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar;
- bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;
- kütləvi tədbirlərin proqramları;
- bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar – bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;
- bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;
- bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;
- əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar – bu dəyişikliklər edilənədək;
- ictimai rəy sorğusunun nəticələri;
- informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;
- açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

İctimai informasiyalar kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərin tanış olmaq üçün şərait yaradılması yolu ilə və qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər.
İnformasiya sahibi bu Qanunun 21-ci maddəsində göstərilən hallarda sorğunun icrasından imtina edir:
-sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;
-informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;
-sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər:
-sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
-sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;
-sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;
-sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

Ölkə prezidenti cənab İlham Əliyevin 2011-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”na əsasən yerli özünüidarəetmə orqanlarının aktlarının informasiya sistemləri vasitəsilə açıqlanması nəzərdə tutulmuşdur. İnformasiya sahiblərinin aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması sorğu verilmədən həmin aktların internet informasiya ehtiyatlarında yerləşdirilməsidir. İnformasiya sahiblərinin aktları dedikdə, hüquqi aktlar (normativ hüquqi aktlar, normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar), hüquqi aktların layihələri və məhkəmə aktları nəzərdə tutulur.
Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” uğurla icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Faktiki olaraq vətəndaş cəmiyyətinin olmadığı, yaxud bərabər hüquqlu tərəfdaş kimi tanınmadığı ölkələrin Açıq Hökümət Tərəfdaşlığı üzrə beynəlxalq Platformada təmsilçiliyi mümkün deyil.
Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün ölkə Prezidenti tərəfindən Açıq Hökümətin Təşviqinə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı təsdiqlənmiş, uğurla icra olunmuşdur. Bu sənədlərdə qarşıya qoyulan əsas məqsədlər hökümətin şəffaflığa, çevik idarəetmə sisteminə keçməsinə, hesabatlılığa cəlb etmək və korrupsiyanın qarşısını almaq idi.
Təbii ki, ölkə Prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planlarında bələdiyyələr də kənarda qalmamışdır. Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, ardıcıl olaraq öz seçiciləri qarşısında fəaliyyətləri ilə bağlı hesabat vermələri, etik davranış qaydalarına ciddi riayət etmələri mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu, bələdiyyələrin vəzifəli şəxslərini, üzvlərini və qulluqçularını da öz işlərinə məsuliyyətlə yanaşmağa, vətəndaşlarla münasibətdə diqqətli olmağa sövq edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Yeni Milli Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir. Ölkə rəhbərliyinin yerli özünüidarəetmənin təkmilləşdirilməsinə göstərdiyi diqqətin nəticəsidir ki, Milli Fəaliyyət Planında yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Belə ki, bələdiyyələrin milli assosiasiyalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən ictimai şuranın yaradılması, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi, bələdiyyələrin internetə çıxışının artırılması, bələdiyyələrin internet səhifələrinin açılması və aktiv fəaliyyət göstərməsinin təmin edilməsi və Bələdiyyələrlə iş portalının yaradılması tapşırılmışdır.
Bələdiyyə üzvləri və qulluqçuları üçün hər il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən silsilə maarifçilik tədbirləri keçirilir və bir qayda olaraq bələdiyyə üzvlərinin böyük bir qismi bu tədbirlərə cəlb olunur. 23 dekabr 2019-cu il tarixdə keçirilmiş növbəti bələdiyyə seçkilərinin nəticəsində bələdiyyə üzvlərinin tərkibi xeyli yenilənmişdir. Bu da Ədliyyə Nazirliyinin diqqətindən kənar qalmamış nazirliyin 2020-ci ilin birinci yarımilinə dair İş planında yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçuları ilə maarifləndirmə işinə xüsusi diqqət yetirilməsi, bu məqsədlə bələdiyyələrə metodoloji yardımın səmərəliliyinin artırılması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş planının icrası istiqamətində “Bələdiyyə üzvlərinin Yaddaş Kitabçası” hazırlanmış, digər tədbirlər həyata keçirilməkdədir.
Bələdiyyələrin işində şəffaflığın təmin edilməsi aktual məsələ kimi diqqətdə saxlanılır. Bu mövzuda maarifçilik tədbirləri davam etdirilir və yeni seçilmiş bələdiyyə üzvlərinin də bu tədbirlərə geniş cəlb olunmaları təmin edilir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində nazirliyin regional ədliyyə idarələri ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün Gəncə-Qazax iqtisadi rayonunda 2019-cu ildə keçirilmiş təlimlərdən biri də "Bələdiyyələrdə şəffaflıq və hesabatlılıq" mövzusuna həsr olunmuşdu.
Bələdiyyələrin fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, yerli əhalinin gedən proseslərlə yaxından tanış olması üçün şəraitin yaradılması əsas tələblərdən biridir. Bələdiyyə üzvləri fəaliyyətə başladıqları gündən onlara göstərilən etimadı doğrultmalı, yerli əhalinin problemlərinin daha da düzgün və tez həllinə çalışmalı və gördükləri iş barədə əhalini mütəmadi məlumatlandırmalıdırlar.
Şəffaflığın təmin edilməsi yönündə görülmüş çoxsaylı tədbirlərə baxmayaraq bir sıra bələdiyyələrin fəaliyyətində bu sahədə çatışmazlıqlar hələ də mövcuddur. Belə ki, bir sıra bələdiyyələr bələdiyyə iclasları keçirmir və yaxud keçirilən iclasın nəticəsi barədə yerli əhalini tanış etmir, bələdiyyənin qəbul etdiyi qərarları və ya digər vacib məlumatları əhalinin tanış edilməsi üçün bələdiyyə binasının qarşısında olan lövhələrdə yerləşdirilmir, elektron informasiya ehtiyatlarında açıqlanmır. Bəzi bələdiyyələr yerli əhalini tanış etmək məqsədilə illik hesabatı onlara çatdırmırlar, yerli əhalini tanış etmək məqsədilə audit yoxlamasının nəticələri bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilmir.
Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi yalnız yerli əhalini məlumatlandırmaqdan ibarət olmamalıdır. Bələdiyyələr ilk öncə büdcə vəsaitlərini ən vacib problemlərin həlli istiqamətinə yönəltməlidirlər. Buna görə də, büdcə tərtib olunarkən ilk növbədə ən vacib problemlər, onların həlli istiqamətləri, bu məqsədlərə büdcədən ayrılacaq maliyyə vəsaitlərinin həcmi və strukturunun müəyyənləşdirilməsi, eləcə də büdcənin təsdiq olunması və büdcənin icrasına ictimai nəzarətin təmin olunması məqsədilə bələdiyyə ərazisində yaşayan əhali proseslərə fəal cəlb olunmalıdır. Bununla da bələdiyyələrdə büdcə vəsaitinin xərclənməsinin şəffaflığına və səmərəliliyinə, son nəticədə isə bir çox problemlərin həllinə nail olmaq olar.
Kənd və qəsəbə bələdiyyələrinin bir hissəsində maliyyə imkanları məhdud olduğu üçün və digər obyektiv səbəblərdən onların öz fəaliyyətlərini kütləvi informasiya vasitələrində işıqlandırılmasında çətinliklər yaranır. Ona görə də, bələdiyyələrin inzibati binasının qarşısında, əhalinin sıx məskunlaşdığı ərazilərdə müxtəlif elan lövhələri yerləşdirməklə, əhali ilə mütəmadi olaraq görüşlər keçirməklə, qanunla nəzərdə tutulmuş vaxtlarda əhali qarşısında hesabatlar verməklə bu çətinlik aradan qaldırıla bilər. Həmçinin maliyyə vəziyyəti məhdud olan bir necə bələdiyyə birləşərək özləri üçün internet səhifəsi yaradıb istifadə edə bilərlər.
Bələdiyyələr şəffaflığın təmin edilməsi üçün insanlarla daim təmasda olmalı, öz işləri haqqında onlara məlumat verməlidirlər. Bunun üçün bələdiyyələrə geniş səlahiyyətlər verilmişdir. Bələdiyyələr öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər. Bununla yanaşı, bələdiyyələr gördükləri işləri də təbliğ etməyi bacarmalıdırlar, çünki bu da aşkarlığın və şəffaflığın təmin edilməsinin mühüm formasıdır.
Bələdiyyələr unutmamalıdırlar ki, onların fəaliyyətlərinin səmərəliliyinin mühüm şərtlərindən biri yerli əhalinin onlara etimadının, inamının və dəstəyinin olmasıdır.

 

Nigar Səlimli
Bələdiyyələrlə iş mərkəzinin
İnzibati nəzarət idarəsinin
məsləhətçisi
       II dərəcəli ədliyyə qulluqçusu 

 

Respublikamızda ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı barədə

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevirmişdir. Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayan təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Şübhəsiz ki, ətraf mühitlə bağlı problemlər bütün insanları narahat edir və bu problemlərin öyrənilməsi bəşəriyyətin inkişafının ən vacib tələblərindən biridir.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətlərindədir.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Ölkəmiz müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqları vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmçinin dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir. Eyni zamanda ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir.
Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası ulu öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.
Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə ölkə başçısı tərəfindən bir sıra mühüm sənədlərin qəbul edilməsi bu sahənin ölkədə prioritet olduğunu göstərir. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı və ya bu qəbildən olan tədbirləri özündə əks etdirən üzunmüddətli proqramlardan biri də ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair StratejiYol Xəritəsi”dir. Burada ətraf mühitin qorunması, təbii resursların mühafizəsi və təbii-iqlim amillərinin kənd təsərrüfatına təsirlərinin idarə olunması sisteminin yaradılması nəzərdə tutlmuşdur. Bu sənəddə ətraf mühitin qorunmasında ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasının önəmli yer tutması qeyd edilmişdir.
Strateji Yol Xəritəsinin Tədbirlər Planında bələdiyyələrin də iştirakı nəzərdə tutulmuşdur. Belə ki, ekoloji təmiz məhsul istehsalının təşviqi ,ekoloji təmiz məhsul istehsal edən fermerlərin formalaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları bazarının inkişaf etdirilməsi tədbirlərinin əsas icraçısı digər dövlət orqanları olsalar da, bu tədbirlərin icrasında iştirak etmək bələdiyyələrə də tövsiyə edilmişdir.
Bununla yanaşı, Strateji Yol Xəritəsində bələdiyyələrə torpaqdan səmərəli istifadənin təmini və torpaqların rekultivasiyası üzrə tədbirlərin həyata keçirilməsi tövsiyə edilmişdir.
Ekoloji siyasət hər zaman dövlət siyasətinin əsasını təşkil etmişdir. Bunun bariz nümünəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sənədi göstərmək olar ki, qeyd olunan sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulmuşdur ki, onlardan biri də “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi prioritetidir. Bu prioritetin uğurla reallaşdırılması üçün yüksək kefiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd olmalıdır. Bu prioritetə görə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlıı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
Ekologiya sahəsində qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin yerli idarəçilikdə ekolgiya sahəsi ilə bağlı hüquq və vəzifələri, səlahiyyətləri müəyyənləşdirilmişdir.
Belə ki, “Bələdiyyələrin statusu haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində bələdiyyələrlə bağlı müddəallar da öz əksini tapmışdır.
Bələdiyyələrin yerli ekoloji proqramlarında məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.
Ətraf mühitin qorunması və sağlamlaşdırılmasında yaşıllıqların artrılması və qorunması da çox mühümdür. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri kimi yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək, yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu-monitorinqini aparmaq, yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək, ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirməkdən ibarətdir.
Bələdiyyələrin torpaqların münbitliyinin təmin olunması, torpaq və su münasibətlərinin tənzimlənməsi, xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə, əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahələrində də səlahiyyətləri müəyyənləşdirilmişdir.
Bələdiyyələrin əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində ekoloji tədris fəaliyyətini həyata keçirən hüquqi şəxslər yaratmaq, dövlət və bələdiyyə təhsil müəssisələrindən, məlumat-tədris bazasından istifadə etmək, əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər irəli sürmək kimi səlahiyyətlərini qeyd etmək olar.
Təcrübədə bir sıra bələdiyyələr ekoloji mühitin qorunmasında iştirak etsələr də, onların iştirakı proqram xarakterli olmadığı üçün ardıcıl olmur. Ona görə də, hər bir bələdiyyə öz ərazisində ekoloji problemləri öyrənməli və onların həlli üçün proqram qəbul etməli, yerli büdcədə bu proqramın icrasına yönələcək xərcləri müəyyən etməlidir.
Həmçinin belə proqramların maliyələşməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr birdəfəlik ödənişlər tətbiq edə bilərlər.
Beləliklə ekoloji mühitin qorunması özündə kompleks tədbirləri ehtiva etməlidir. Ekoloji mühitin qorunması dedikdə ətraf mühitin, havanın, suyun, torpağın, meşənin, yaşıllıqların qorunması başa düşülməlidir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Bu baxımdan yerli idarəçilikdə dövlət səviyyəsində ekoloji baxımdan qəbul edilmiş proqramlar izlənilməklə mühüm ekoloji tədbirlər həyata keçirilməlidir. Ətraf mühitin qorunması hamımızın başlıca vəzifəsi olmalıdır. Sağlam mühit, təmiz cəmiyyət, yaşıllıqların artırılması və s. bu kimi hallarla bağlı bələdiyyələr yerli səviyyədə əhali ilə mütəmadi görüşlərin təşkilinə diqqət yetirməli, yerli əhalinin ekoloji cəhətdən maarifləndirlməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.
Ekoloji mühitin qorunması sahəsində bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi biliklərinin artırılmasına kömək məqsədilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı” və “Yaşıllıqların mühafizəsi və götürülməsi ilə bağlı” qanunvericiliyin tələbləri barədə tövsiyələr hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.
Ümid edirik ki, ekoloji mühitin qorunmasında Respublikamızda aparılan tədbirlərə vətəndaşların, yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirən və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanına malik olan bələdiyyələrin müsbət dəstəyi ekoloji sahənin daha da inkişafına müsbət təsir göstərəcəkdir.

 
Laləzar Arif qızı Əlizadə
Ədliyyə Nazirliyi
Bələdiyyələrlə iş mərkəzinin
məsləhətçisi
III dərəcəli ədliyyə qulluqçusu

Müasir innovasiyaların tətbiqi yerli özünüidarəetmənin inkişafında yeni imkanlar yaradır

Müasir dövrdə ölkəmiz hər sahədə sürətli və dinamik inkişaf etməkdədir. İllərlə aparılmış uğurlu siyasətin nəticəsidir ki, siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələrdə böyük nailiyyətlər əldə edilmişdir.
Hərtərəfli inkişaf prosesi telekommunikasiya və informasiya texnologiyaları sektorunun da inkişafına müsbət təsir göstərmiş və müasir informasiya kommunikasiya texnologiyalarının (bundan sonra İKT) sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilmişdir. Ölkəmizdə İKT ilə bağlı bir sıra mühüm tədbirlərin təşkil edilməsi bu sahənin inkişafına xüsusi diqqət yetirilməsinin nəticəsidir.
Ümumilikdə, dövlət idarəçiliyində demokratikliyin, şəffaflığın artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi üçün istər dövlət orqanları, istərsə də yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətində İKT-nin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə İKT-nin əsaslarının yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, hələ 3 aprel 1998-ci il tarixdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, 17 fevral 2003-cü il tarixdə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” kimi mühüm sənədlər qəbul edilmişdir. Milli Strategiya bu sahədə görüləcək mühüm işləri, prioritet vəzifələri müəyyənləşdirmişdir. Məhz həmin sənəd elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanan müasir İKT-nin sürətlə inkişafına təkan vermiş oldu.
Bununla yanaşı, 2 aprel 2013-cü il tarixdə İKT sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini maliyyə dəstəyi ilə təmin edən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması ölkəmizdə İKT-nin inkişafında mühüm rol oynadı.
Ümumiyyətlə İKT-nin tətbiqi səviyyəsi dövlətin iqtisadiyyatının, intellektual və elmi potensialının, demokratiyanın və idarəetmədə şəffaflığın əsas göstəricilərindən biri hesab olunur. Təqdirəlayiq haldır ki, ölkəmizdə də İKT imkanlarının dövlət idarəetmə sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülmüş, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilərək ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılmış, informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində İKT sahəsi ən dinamik inkişaf edən sahələrdən birinə çevrilmiş, bu istiqamətdə böyük uğurlar əldə edilmişdir.
Hazırda İKT-nin cəmiyyət həyatında oynadığı rolu qiymətləndirməmək, bütövlükdə isə həyatımızı onsuz təsəvvür etmək mümkün deyildir. Dövlətlər tərəfindən sürətli inkişafın təmin edilməsi üçün informasiya yönümlü iqtisadiyyatın formalaşmasına xüsusi önəm verilir. İnformasiya iqtisadiyyatlı cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə olunması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların zəruri məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarını təmin edən mühitin formalaşdırılması və s. aiddir.
Əsası Ulu öndər tərəfindən qoyulmuş bu siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqətlə yanaşır. Bu diqqətin nəticəsidir ki, ölkəmizdə İKT-nin inkişafı ilə bağlı bir sıra mühüm sənədlər qəbul edilmişdir. Belə ki, 9 mart 2004–cü il tarixli “Elektron imza və elektron sənəd haqqında”, 14 iyun 2005 –ci il tarixli “Telekommunikasiya haqqında”, 30 sentyabr 2005–ci il tarixli “İnformasiya əldə etmək haqqında”, 11 may 2010-cu il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları, 21 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”), 8 noyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”, 20 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) və digər mühüm sənədlər qəbul edilmişdir.
Dövlət Proqramına əsasən Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, İKT-nin sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək inkişafına yönəlmiş siyasətin tərkib hissəsidir. 2003-cü il 17 fevral tarixli “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012) və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, ilk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.
16 iyun 2021-ci il tarixdə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə İkinci Zirvə Toplantısında videoformatda çıxış edən cənab prezident İlham Əliyev öz çıxışında ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsinin başlıca prioritetlərimiz sırasında olduğunu bir daha vurğulamışdır. Həmçinin qeyd etmişdir: “Bu gün bizim ikisi Telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. Hazırda Azərbaycan Respublikası Beynəlxalq Kosmik Klubun üzvüdür. Ölkəmiz 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür”.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 3 aprel 1998-ci il tarixli Qanun dövlət informasiya ehtiyatlarının formalaşmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların iştirak etmək imkanını nəzərdə tutmuşdur. Bu subyektlər tərəfindən formalaşdırılan informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə edilməlidir.
Həmçinin dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”na əsasən bələdiyyələr "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa əsasən öz fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatları, bələdiyyələrin ştat cədvəllərini, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanlarını, həmçinin onların təhsili və ixtisasları barədə məlumatları, bələdiyyələrin fəaliyyəti barədə hesabatları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar. Həmin məlumatlar ən yeni və aktual olmalı, köhnəlmiş, natamam, qeyri-dəqiq və çaşqınlıq yaradan informasiyaların yerləşdirilməsindən imtina edilməlidir. İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaradılmalı və internet informasiya ehtiyatlarının etibarlı fəaliyyəti təmin edilməlidir.
Dövlət orqanları və bələdiyyələrin internet saytları qanunvericiliyin tələblərindən irəli gələn bütün vəzifələrin yerinə yetirilməsini təmin edən funksiyalara və xidmətlərə malik olmalı, internet resursunun, müvafiq məlumat bazasının sanksiyalaşdırılmamış müdaxilədən etibarlı mühafizəsi və saytların təhlükəsizliyinin proqram təminatı sistem baxımından tam təmin olunmalı, saytların müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunmalı, saytlar sorğuların sürətli emalını təmin etməli, dayanıqlı xidmət göstərmə qabiliyyətinə malik olmalı, saytların verilənlər bazası İSO 10646 (Unicode) formatını dəstəkləməli, saytların proqram təminatı məlumatları verilənlər bazasına həm internet bağlantısı üzərindən, həm də lokal şəbəkə vasitəsilə daxil etməyə imkan verməli, saytlar üzrə axtarış sistemi olmalı və axtarış simvolların registrindən asılı olmamalı, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalı, saytların proqram təminatı və verilənlər bazası lazım gəldikdə, yeni texnologiyalara keçmək üçün inteqrasiya edilə bilən olmalı, digər dövlət orqanları və bələdiyyələrin, habelə aidiyyəti beynəlxalq təşkilatların saytlarına keçidlər olmalı və s. tələblərə cavab verməlidir.
Bələdiyyələrdə informasiya və kommunikasiya texnologiyaları mühiti yaradılmalıdır, yəni bələdiyyələrin kompüterləşdirmə və avtomatlaşdırma prinsipinə uyğun iş rejiminə keçilməli, bələdiyyələr lokal şəbəkəyə malik olmalı, internet şəbəkəsinə çıxış təmin edilməli, bələdiyyələrin elektron poçt ünvanı olmalı, internet şəbəkəsindən istifadə zamanı informasiya təhlükəsizliyi təmin edilməli, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun elektron sənəd dövriyyəsi təmin edilməli, İKT üzrə müvafiq struktur bölmə mövcud olmalı və bu sahədə mütəxəssislərə malik olmalıdır.
Dövlət orqanları və bələdiyyələrin İKT üzrə struktur bölməsi məlumatların təhlükəsizliyinin qorunması, məlumat bazaları ilə bağlantının sürətlə həyata keçirilməsi, sorğuların emalının sürətlə həyata keçirilməsi, internet şəbəkəsi ilə əlaqəsinin kəsilməzliyi, zəruri hallarda optimal genişləndirilməsi, məlumat bazalarının ehtiyatlarının (rezervlərinin) təmin olunması funksiyaları yerinə yetirir.
İnformasiya resursunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə vaxtaşırı həmin resursun ehtiyat nüsxəsi (Back Up) informasiya daşıyıcılarına köçürülməli və ya digər üsullardan istifadə olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 27.02.2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.4-cü bəndində bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi məqsədilə “Bələdiyyələrlə iş portalı”nın yaradılması tapşırığı müəyyən edilmişdir (icra müddəti 2020-2022).
Həmin tapşırığın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən “Bələdiyyələrlə iş portalı” hazırlanmış və istifadəyə verilmişdir. Portalda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmışdır. Nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının inzibati nəzarət orqanına elektron qaydada göndərilməsi təşkil olunmuşdur. Ədliyyə Nazirliyinin rəsmi internet saytında portala daxil olmaq üçün keçid yerləşdirilmiş və nazirliyin aidiyyəti əməkdaşlarına, habelə zəruri avadanlıq və internetə çıxış imkanı olan bütün bələdiyyələrə istifadəçi adı və şifrələr təqdim olunmuş, portaldan istifadə qaydaları ilə bağlı pandemiya şəraiti nəzərə alınaraq video təlimat hazırlanmış və bələdiyyələrə göndərilmişdir. Hazırda ölkə ərazisində bələdiyyələrin böyük əksəriyyəti portaldan istifadə etməkdədir.
Həmçinin Ədliyyə Nazirliyinin göstərdiyi çoxsaylı elektron xidmətlərin siyahısına “Bələdiyyələr barədə məlumatın əldə edilməsi” xidməti daxil edilmiş və bunun nəticəsində vətəndaşların bütün bələdiyyələr və bələdiyyə üzvləri barədə məlumat əldə etmək imkanı təmin olunmuşdur. Hazırda bələdiyyələr barədə elektron xidmətin məlumat bazasının genişləndirilərək bələdiyyə qulluqçuları barədə məlumatların da bazaya yerləşdirilməsi yekunlaşmaq üzrədir.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması, müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş bələdiyyələrin sayı 67%-dək, internetə çıxışı olanların sayı isə 65%-dək artmışdır. Digər bələdiyyələrin də internetə çıxış imkanının yaradılması, onların zəruri avadanlıqlarla təmin olunması və bütün bələdiyyələrin portaldan istifadəsinə nail olunması istiqamətində işlər davam etdirilməkdədir.
Bildiyimiz kimi ötən ilin sentyabr ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində 30 ilə yaxın davam edən işğala son verilmiş və torpaqlarımız azad edilmişdir. Azad edilmiş torpaqlarda dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və kəndlərin, dini və tarixi abidələrin bərpası məqsədilə dərhal ölkə başçısı tərəfindən böyük layihələrə imza atılmış və sürətli yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılmışdır. Cənab Prezident tərəfindən həmin ərazilər yaşıl enerji zonası elan edilmiş, bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnoloji yeniliklərdən istifadə olunması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunması nəzərdə tutulmuşdur.
Beləliklə İKT-nin son nailiyyətləri tətbiq edilmədən inkişafın qeyri-mümkün olduğu hazırkı dövrdə bələdiyyələr də öz fəaliyyətlərini həyata keçirən zaman bu sahədə innovasiyalardan daha geniş istifadə etməlidirlər.
Ümumilikdə dövlət idarəetmə orqanlarında və təşkilatlarında, eləcə də yerli özünüidarəetmə orqanlarında İKT-nin innovativ yeniliklərinin tətbiqi informasiya cəmiyyətinə keçidi, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsini və idarəetmə keyfiyyətinin yüksəldilməsini, şəffaflığın artırılmasını və vətəndaşların dövlətin idarə edilməsində daha yaxından iştirak etməsi üçün şəraitin yaradılmasını, elektron sənəd mübadiləsinin geniş tətbiqini şərtləndirmiş olur. Bunun üçün də bələdiyyələr müvafiq informasiya bazasına malik olmalı, yerli özünüidarəetmənin təşkilində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı ixtisaslı, peşəkar kadrlar işə cəlb edilməli, habelə bu sahədə kadr potensialının artırılması üçün bələdiyyə üzv və qulluqçularının İKT sahəsində biliklərinin müntəzəm artırılması mexanizmi hazırlanmalı və tətbiq edilməlidir.

                                                                                                                          
Fəridə Hacıyeva
Bələdiyyələrlə iş mərkəzinin
məsləhətçisi
III dərəcəli ədliyyə qulluqçusu

Yerli özünüidarəetmənin tarix və mədəniyyət abidələrinin qorunması istiqamətində fəaliyyəti

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan daima mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınır. Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda minilliklər, əsrlər ərzində formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Bu abidələr, keçmiş yadigarlar, xalqın milli varlığının maddi sübutları olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolun ən mühüm bağlantısıdır.
Ona görə də bütün dünyada tarixi abidələrin mühafizəsi, gələcək nəsillərə çatdırılması hər bir ölkənin və beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifələrdəndir. Təsadüfi deyil ki, UNESCO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında aprel ayının 18-i “Beynəlxalq abidələr və tarixi yerlər” kimi qeyd olunur. Bununla əlaqədar dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrlə, onların mühafizəsi və turizm məqsədi ilə istifadəsi istiqamətində geniş tədbirlər həyata keçirilir.
Xalqımızın əvəzsiz milli sərvəti olan tarixi-memarlıq abidələri eləcə də milli- mənəvi irs nümunələrinin bu günümüzə qədər gəlib çıxmasında bir çox dövlət xadimləri və ziyalıların, vətənpərvər insanların özünəməxsus əməyi olmuşdur. Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndərin müəllifi olduğu 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnun olması, hər kəsin tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşması, ona qayğı göstərməsi, tarix və mədəniyyət abidələrini qoruması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bundan əlavə 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi ilə bağlı müddəalar təsbit olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tarix və mədəniyyət abidlərinin tanınması, qorunması, bərpası sahəsində ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
Cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın dünyada tanıdılmasında və xalqımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim tariximizin və mədəni irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edən tarixi abidələrə dövlət tərəfindən dəyər verilmiş, onların qorunub saxlanılması məqsədi ilə müvafiq dövlət qurumları yaradılmışdır. Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülmüş, İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, Qobustandakı muzey Avropanın ən yaxşı muzeyləri sırasında olmuşdur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində Birinci vitse- prezident Mehriban xanım Əliyeva tərəfindən böyük işlər davam etdirilir.
Tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi bununla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi hər zaman dövlət strategiyasının ayrılmaz hissəsini təşkil etməkdədir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi qeyd olunaraq, bu konsepsiyanı həyata keçirmək və milli mədəni irsin qorunmasını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Qeyd olunur ki, Dövlət proqramının həyata keçirilməsi üçün nəzərdə tutulmuş Tədbirlər planında daşınmaz tarix və mədəniyyət abidələrinin texniki vəziyyətinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsinə, tarix və mədəniyyət qoruqlarında elmi tədqiqatların səmərəliliyini artırmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə bələdiyyələrin də cəlb edilməsi nəzərdə tutulmuşdur.
Bu müddət ərzində Dövlət Proqramının icrası məqsədilə milli pasportların və xəritələrin hazırlanması, normativ bazanın gücləndirilməsi, abidələrin təbliği istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Son illər tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, bərpası sahəsində aparılan uğurlu siyasi addımlardan biri kimi Vətən müharibəsində Böyük Qələbə nəticəsində azad edilmiş doğma torpaqlarımızda, o cümlədən Şuşa şəhərində əvvəlki tarix mədəniyyət abidələrinin, mədəni-tarixi irsin bərpa edilməsi, yenidən qurulması olmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
Dövlət başçısının 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etmişdir. Həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” 31 may 2021-ci tarixli Qanununda Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği ilə bağlı müddəalar öz əksini tapmışdır. Şuşa şəhərində aparılan yenidənqurma işləri nəticəsində Molla Pənah Vaqifin büstünün,
Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışı həyata keçirilmişdir.
Tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, bərpası yerliözünüidarəetmə ilə bağlı qanunvericilik sahəsində də öz əksini tapmışdır.
Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar sırasına yerli infrastrukturun digər sahələri ilə yanaşı, mədəniyyət binalarının saxlanılması və istifadə edilməsi, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması da aid edilmişdir. Həmçinin sözügedən Qanunda bələdiyyə mülkiyyətinin tərkibinə mədəniyyət müəssisələrinin də daxil edilməsi ilə bağlı müddəa təsbit olunmuşdur.
Həmçinin Torpaq Məcəlləsinə əsasən tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları tarix-mədəniyyət təyinatlı torpaqlara daxil edilməklə, həmin torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilmişdir. Həmin Məcəllədə bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən) tarix-mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması öhdəlikləri və məhdudiyyətləri qoyula bilməsinin mümkünlüyünə dair maddə öz əksini tapmışdır.
Eyni zamanda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən digər dövlət hakimiyyəti orqanları ilə yanaşı, yerli özünüidarə orqanları da tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara yardım göstərməlidirlər .
Qeyd olunur ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası yerli büdcələrdən ayrılan vəsaitlər hesabına maliyyələşdirilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrin in icarəyə verilməsinin qadağan edilməsi, yerli əhəmiyyətli daşınmaz memarlıq abidələrinin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilməsi halları ilə bağlı maddələr də öz əksini tapmışdır.
Qeyd olunur ki, bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) qərarı əsasında yerli büdcələrin vəsaitləri hesabına aparılır.
Nazirlər Kabinetinin 14 iyul 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi” Qaydalarına əsasən mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, iğtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.
Təbii ki, qeyd olunan istiqamətin dövlət əhəmiyyətliyini nəzərə alaraq tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin tələblərini pozan şəxslər barəsində dövlət məcburiyyət tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda yol verilmiş pozuntulara görə müvafiq olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət tədbirlərinin həyata keçirilməsi əks olunmuşdur.
Beləliklə, xalqımızın keçmişini özündə ehtiva edən tarix mədəniyyət abidələrinin qorunmasını, mühafizəsini, bərpasını həyata keçirmək hər bir kəsin mənəvi borcu olmalıdır. Çünki mədəni irsin qorunması bir xalqın tarixinin, keçmişinin qorunması deməkdir. Bununla bağlı təkcə dövlət səviyyəsində deyil, o cümlədən yerli səviyyədə də idarəçilikdə kompleks tədbirlər həyata keçirilməli, hər bir bələdiyyə öz inzibati ərazisinə daxil olan mədəniyyət kompleksləri (abidə, qala, milli park, qoruq, xiyaban və s.) haqqında məlumatlı olmalı, mədəni irsin təbliğinə səy göstərməli, mədəniyyət abidələrinin əhaliyə tanıdılmasında yaxından iştirak etməli, həmçinin bununla bağlı yerli səviyyədə turist-diyarşünaslıq ekskursiyaların, maarifləndirici görüşlərin, seminarların, layihələrin həyata keçirilməsinə çalışmalıdır. Tariximiz, yaşadığımız zəngin mədəniyyətimiz ulu əcdadlarımızdan qaynaqlanan müasir inkişafımızı şərtləndirdiyi üçün keçmişimizə hörmət və sayqıyla müasir inkişafa, təkamülə addımlamaya çalışmalıyıq. Abidələrə-xalqın, torpağın canlı yaddaşı sayılan tarixi mədəni incilərə diqqət və qayğı ənənəsini əsas götürərək bərpa-təmir işləri bundan sonra da davam etdirilməlidir. Bütün bunların nəticəsi olaraq tariximizi və milli –mənəvi dəyərlərimizi özündə əks etdirən tarix-memarlıq abidələrinin istifadəsi, təbliği, qorunması və gələcək nəslə çatdırılmasının müvəffəqiyyətlə həyata keçirilməsi ümumxalq işinə çevrilməlidir.
Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edilməsi və onlara metodoloji yardım göstərilməsi məqsədi ilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunmasında bələdiyyələrin rolu barədə” metodik vəsait hazırlanaraq bələdiyyələrə göndərilmiş, bələdiyyə üzvləri və qulluqçularına tarixi abidələrin qorunması, mühafizəsi, həmin tarixi abidələr yerləşən torpaq sahələrinin satılması, icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunması izah olunaraq onlara bu mühüm sahəyə diqqətin artırılması tövsiyə olunmuşdur.

Laləzar Arif qızı Əlizadə
Ədliyyə Nazirliyi
Bələdiyyələrlə iş mərkəzinin
məsləhətçisi
II dərəcəli ədliyyə qulluqçusu

Sahibkarlığın inkişafında bələdiyyələrin rolu

Bazar iqtisadiyyatının formalaşdığı hər bir cəmiyyətdə sahibkarlıq fəaliyyəti bu prosesin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra sahibkarlıq fəaliyyəti ölkədə bazar münasibətlərinin inkişafının, ölkə əhalisinin maddi rifah halının və sosial – mənəvi səviyyəsinin yüksəldilməsinin, cəmiyyətin sosial sabitliyinin, ölkənin iqtisadi suverenliyinin və siyasi müstəqilliyinin, yeniliklərə əsaslanan istehsalın inkişafının təmin edilməsinin, bazar prinsipləri üzərində qurulan iqtisadi mexanizmin yaradılmasının vacib amillərindən birinə çevrilmişdir.
Sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, ölkədə güclü özəl sektor formalaşmış, biznes və investisiya mühiti daha da yaxşılaşmış, sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi” haqqında Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, mikro, kiçik və orta sahibkarlığın (bundan sonra - KOB) ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılmışdır.
Eyni zamanda son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da güclənmiş, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verilmişdir.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş azad sahibkarlıq hüququ hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə sahibkarlıq və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilməsini ehtiva edir. Konstitusiyaya görə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə isə inhisarçılığa və haqsız rəqabətə yol verilmir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət nəzərdə tutulur.
Dünya təcrübəsi göstərir ki, azad sahibkarlıq dövlətin və cəmiyyətin gələcək inkişafında mühüm rol oynayır. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli məhsulların istehsalı ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.
Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ hüquqi aktlar bütövlükdə sahibkarlığın, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsinə təkan vermişdir. Mütərəqqi islahatların həyata keçirildiyi şəraitdə sahibkarlığın dəstəklənməsi sahəsində bələdiyyələrin iştirakının aktivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlərindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsidir. Qərbi Avropa ölkələrində (Böyük Britaniya, Fransa, Almaniya, Norveç, İsveç və s.) bələdiyyə sahibkarlığının inkişafı məhz kiçik sahibkarlığın hesabına təmin olunur. Kiçik iqtisadiyyatda kapital daha sürətlə dövr edir. Kiçik bələdiyyə müəssisələrində kapitalın passiv hissəsinin xüsusi çəkisi aşağı olur. İşçi qüvvəsi daha çox yüklənir və əmək məhsuldarlığı yüksək olur.
Həmçinin beynəlxalq təcrübədə bələdiyyə müəssisələrinin üstünlüklərindən biri də sosial sahədə gərginliyin azaldılmasında böyük rol oynamalarının nəzərə alınmasıdır. Belə ki, müəyyən səbəblərdən və ixtisar olunmaqla işsiz qalan mütəxəssislər kiçik müəssisələrdə işə cəlb olunurlar. Həmçinin yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili həm yerli xammaldan, həm də əmək ehtiyatlarından səmərəli istifadəyə münbit şərait yaradır.
Bələdiyyə müəssisələrinin və o cümlədən xidmət sahələrinin yaradılması bizim ölkədə də vacib məsələlərdəndir. Bu istiqamətdə inkişafın təmin edilməsində yerli büdcə vəsaitləri, qrant və kreditlərdən istifadə oluna bilər. Yerli maliyyə vəsaitlərinin az olması daha optimal variantların seçilməsini, daha az kapital qoyuluşu tələb edən layihələrin həyata keçirilməsini zəruri edir.
Bələdiyyə müəssisələri, o cümlədən xidmət sahələrinin yaradılması məqsədilə ilk növbədə ərazilərin malik olduqları təbii və iqtisadi potensial öyrənilməlidir. Təbii potensial dedikdə torpaq, su, meşə, relyef, enerji mənbələri, otlaqlar, biçənəklər, bulaqlar, mineral sular, iqlim və digər təbii sərvətlər (daş, qum, əhəng, gil) nəzərdə tutulur. İqtisadi potensial dedikdə isə ərazinin infrastrukturu, istehsal və emal müəssisələrinin mövcudluğu, texniki vasitələr, qurğular və digər istehsal vasitələri, əmək ehtiyatları, mədəni-məişət və idman obyektləri və sair nəzərdə tutulur.
Yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyəti sahəsində səlahiyyətləri bələdiyyə mülkiyyətinin artırılması və inkişaf etdirilməsi məqsədinə xidmət etməlidir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiya və subvensiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun inkişafına imkan yaradır. Bütün bunlar imkan verir ki, bələdiyyə təsərrüfatı səmərəli şəkildə idarə olunsun, bələdiyyə qurumlarına əhalinin tələbatını təmin etməsi üçün zəruri şərait yaradılsın.
Bazar iqtisadiyyatının formalaşması şəraitində regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli dövlət, yerli özünüidarəetmə orqanları və özəl sektorun səylərinin əlaqələndirilməsinin nəticəsindən, habelə bələdiyyə qurumlarının dayanıqlı sosial-iqtisadi vəziyyətindən asılıdır.
Bələdiyyələr regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafını və əhalinin rifahını yüksəltmə imkanlarına malikdirlər. Bu baxımdan, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil edərək bölgə iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.
Məlum olduğu kimi, bələdiyyə qurumlarının əhatə etdikləri şəhərlər, qəsəbələr və kəndlər özünəməxsus ərazi istehsal və təsərrüfat kompleksləridir. Bələdiyyələrin kompleks inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan istifadə etməklə vətəndaşların həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununda bələdiyyələrin bu istiqamətdə məqsədli proqramların tərtib edilməsi hüquqları müəyyən edilmişdir. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında məqsəd yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər. Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlakdan səmərəli istifadə yolları göstərilməlidir.
Qanunvericiliyə uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Yerli özünüidarə orqanları bələdiyyə müəssisə, təşkilat və idarələrinin idarə olunmasında geniş hüquqlara malikdirlər. Bələdiyyələrin təsis etdiyi kommersiya hüquqi şəxsləri mənfəət vergisini yerli büdcəyə ödəyirlər.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi yerli vergilərin tərkibinə daxildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 105.1-ci maddədə isə göstərilir ki, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.
Hazırkı dövrdə bələdiyyələr mütərəqqi idarəçilik metodlarından istifadə edərək cəsarətli və təşəbbüskar addımlar atmaqla bələdiyyə müəssisələrinin, xidmət sahələrinin yaradılması istiqamətində müsbət nəticələr əldə edə bilərlər. Bu məqsədlə şəhər və qəsəbə bələdiyyələri kiçik həcmli istehsal və xidmət sahələrinin yaradılması, kənd bələdiyyələri isə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən hazır məhsulun digər şəhər və qəsəbə bələdiyyələri ilə qarşılıqlı müqavilə əsasında realizə edilməsi sahəsində müəssisələrin yaradılmasını həyata keçirə bilərlər.
Şəhər və qəsəbə bələdiyyələri bu məqsədlə inzibati ərazidə bərbərxana, dərzixana, kiçik avtotəmir və yuyucu sexləri, plastik və digər materiallardan qapı və pəncərələrin düzəldilməsi və sair xidmət obyektlərinin təşkilini həyata keçirə bilərlər.
Kənd bələdiyyələri isə öz ərazilərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kiçik sexlər yarada, təbii sərvətlərdən (ağac, çınqıl, qum, gil və sair) istifadə edərək xammal, yarımfabrikat və hazır məhsul istehsalı üzrə sexlər təşkil edə bilərlər.
Qeyd olunanlarla yanaşı, turizm sektorunu inkişaf etdirməklə də ölkənin iqtisadiyyatına gəlir təmin edilə, məşğulluqla yanaşı, sahibkarlığın inkişafına da dəstək verilə bilər. Bununla əlaqədar bələdiyyələr öz hüdudları çərçivəsində turizmin inkişafına müsbət təsir göstərən müxtəlif xidmətlər həyata keçirə bilər. Bu xidmətlər yerli vəsaitə uyğun olaraq, bələdiyyənin səlahiyyətləri və maliyyə imkanları çərçivəsində həyata keçirilməlidir. Müxtəlif sahələri əhatə edən bu xidmətləri təşkil etmək üçün, əslində bir o qədər də maliyyə resursu tələb olunmur. Bələdiyyə daxili imkanlarla və könüllülərin, xüsusilə gənclərin dəstəyi ilə bu layihələri həyata keçirə bilər. Misal olaraq, kənd yerlərində çoxsaylı ailə fermer təsərrüfatları vardır ki, onların istehsal etdiyi kiçik həcmli kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmağa imkanları məhduddur. Nəticə etibarı ilə, ailə özünü lazımi qədər məhsulla təmin etdikdən sonra artıq qalan məhsul istifadə edilmir ki, bu da ailə büdcəsinə ziyan vurur. Yerli özünüidarəetmə orqanları öz xidmətlərini göstərməklə, bu problemin həllinə qismən də olsa yardımçı ola bilər. Əhalidən məhsulu toplamaq məqsədilə kiçik tədarük məntəqəsi yaradılmaqla, burada yığılan məhsul müvafiq müştərilərə çatdırıla bilər. Artıq qalan məhsulu bələdiyyə hüquqi şəxs təsis etməklə öz ərazisində kiçik bazar yaradaraq sata bilər. Bu xidməti göstərməklə bələdiyyə yerli əhali və turizm obyektləri ilə yanaşı, buraya gələn turistlərin məmnunluğunu da təmin etmiş olar.
Bununla yanaşı, bələdiyyə öz ərazisində turizm marşrutlarına yaxın bir yerdə tələbatdan və turizm növündən asılı olaraq, müxtəlif turizm əşyalarının kirayəsini təşkil edə bilər. Məsələn: meşəlik və dağlıq ərazilərdə bu velosiped, çadır, manqal və s. dənizkənarı turizm zonalarında çətir, tilov, üzgüçülük vasitələri və s. ola bilər. Bələdiyyə bunları təşkil etmək və ərazini turistlər üçün daha da cəzbedici etməklə, həm də əlavə gəlir mənbəyi əldə etmiş olur.
Bəllidir ki, hər bir turist getdiyi yerdən kiçik də olsa, suvenir və ya həmin regionun məşhur bir məhsulunu almağa cəhd edir. Ölkəmizdə bəzi bölgələr öz “brend” turizm məhsulları ilə məşhurlaşa bilsələr də turizm potensialına malik bir çox yerlər hələ də turistləri cəlb etmək baxımından rəqabətdə geri qalırlar. Ərazinin turizm cəhətdən təşviqinə böyük təsir göstərən belə “brend” məhsullar, adətən kənd təsərrüfatı məhsulu, sənətkarlıq nümunələri və s. ola bilər.
Ölkəmizin bir çox bölgələri özünəməxsus kənd təsərrüfatı məhsulları ilə tanınır. Həmin məhsulları turizmi təşviq etmək məqsədilə regionun kənd təsərrüfatı brendinə çevirmək mümkündür. Daha çox məhsul yığımı zamanı müxtəlif maraqlı tədbirlər təşkil etməklə, yerli və beynəlxalq turistlər regiona cəlb oluna bilər. Belə tədbirlərdə təkcə bir məhsulu deyil, eyni zamanda həmin brenddən hazırlanmış digər məhsulları da gələn qonaqlara təqdim etmək fürsəti yaranır. Bu məhsulların satışından ilk növbədə, yerli əhali və sahibkarlar faydalanır ki, bu da yerli iqtisadi inkişafa kifayət qədər öz töhfəsini verir. Sözsüz ki, belə geniş miqyaslı tədbirlərin təşkili təkcə bələdiyyələrin işi deyil, lakin onlar müəyyən təşəbbüslərlə çıxış edərək belə tədbirlərin təşkilində yaxından iştirak edə bilərlər. Bələdiyyələr tələb və təklifə uyğun olaraq qeyd olunanları həyata keçirməklə, turizmin inkişafına öz töhfələrini verə bilər. Belə layihələr bələdiyyə büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, ölkəmizə gələn turistlərin göstərilən xidmətlərdən razı qalmasını da təmin edə bilər.
Yerli özünüidarəetmə orqanları turizmin, eləcə də tibbi turizmin inkişafında mühüm rola malikdir. Bələdiyyələr əhali ilə bilavasitə təmasda olduğundan, onların maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə yerli və regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlər göstərə bilərlər. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən istifadə edərək mülkiyyətində olan torpaq sahələrində müəyyən infrastruktur yaratmaq və ya hər hansı tibbi turizm obyektini inşa etmək məqsədi ilə investorları cəlb etməklə yerli büdcə üçün davamlı gəlir mənbəyi əldə edə bilərlər.
Hesab edirik ki, bu tədbirlər nəticəsində bələdiyyələrin sahibkarlığın inkişafında iştirakı ölkədə baş verən urbanizasiya proseslərinə də öz təsirini göstərə bilər. Belə ki, səmərəli fəaliyyət göstərən kənd və qəsəbə bələdiyyələri nəinki öz ərazilərində yaşayan əhali üçün məşğulluq sahələrini genişləndirməklə insanların şəhərlərə axınının qarşısını ala bilər, hətta şəhərdən kəndə axının güclənməsinə səbəb olar.
Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair milli iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanmış və hədəflər müəyyənləşdirilmişdir. Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini və insan kapitalından istifadənin səmərəlliliyini artırmaq, idxaldan asılılığı azaltmaq, gələcək iqtisadi inkişafı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə 12 istiqamət üzrə Yol Xəritəsi təsdiq olunmuş, cari, orta və uzunmüddətli dövr üçün milli iqtisadiyyatın inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmişdir.
Bu Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yerli özünüidarəetmə orqanlarının kəndlərin inkişafı, orada əhalinin məşğulluğunun təmin edilməsi, mədəni irsin ötürülməsi, kənd həyatı ənənələrinin saxlanılması və ənənəvi həyat tərzinin qorunması sahəsində təşəbbüslərinin dəstəklənməsi, kəndin sosial-iqtisadi inkişafı ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması məqsədi ilə tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu tədbirlər nəticəsində kənddə bələdiyyələrin açdığı iş yerlərinin sayının 30 faiz, qadınların və gənclərin inkişafına yönəldilmiş proqramların sayının 3 dəfə artırılması və kəndin sosial-ictimai həyatında onların fəal iştirakı hədəflənmişdir.
Qeyd etməliyik ki, geniş resurs və imkanlara malik yerli özünüidaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər. Bələdiyyələrin inkişafı və əlavə maliyyə mənbələrinin əldə edilməsi baxımından gəlir gətirən bələdiyyə müəssisələrinin təsisinə ciddi ehtiyac vardır. Bələdiyyələrin iqtisadi fəaliyyəti kənd təsərrüfatı, istehsalat, xidmət və qanunla qadağan edilməyən bütün sahələri əhatə edir.
Azərbaycanda 1606 bələdiyyə var və kifayət qədər böyük rəqəmdir. Bələdiyyələr iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edirlər. Bu isə böyük imkanlar deməkdir.Bələdiyyə müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının yüksəlməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, yoxsulluğun daha da azadılması, idxalın daha da azalması və ixracın artması deməkdir.
Bələdiyyələrin bu qədər geniş imkan və resurslara malik olmaqlarına baxmayaraq maliyyə imkanlarının zəif olması və biznes təcrübələrinin olmaması bələdiyyə müəssisələrinin yaradılmasına və iqtisadi fəaliyyətlə məşğul olmaqlarına imkan vermir. Bu səbəbdən bələdiyyələr iqtisadi fəaliyyətə başlamazdan əvvəl üç əsas problem həll edilməlidir:
1. Maliyyə qaynağının əldə edilməsi.
2. Hansı sahələrə kapital qoyulmasının müəyyənləşdirilməsi.
3. Bələdiyyə işçiləri üçün biznes təlimlərinin keçirilməsi.
Maliyyə məsələsi həllini tapdıqdan sonra ikinci məsələ kapital qoyulacaq sahələrin dəqiqləşməsidir. Bunun üçün ilk növbədə hər bələdiyyə öz ərazisində sənaye, kənd təsərrüfat, turizm və digər sahələrdən hansılarla məşğul olmağın mümkünlüyünü öyrənməlidir.Bunun üçün aşağıdakı faktorlar önəmlidir:
Ərazinin iqtisadi-coğrafi mövqeyi;
Ərazinin təbii şəraiti və ehtiyatları;
Ərazi üzrə əhalinin məskunlaşma səviyyəsi;
Ərazinin sahə və quruluşu;
Ərazinin tarixən iqtisadi inkişaf xüsusiyyətləri.
İlk növbədə daxili bazarın təlabatı nəzərə alınaraq Azərbaycana idxal edilən ərzaq məhsullarının siyahısı çıxarılmalı və hansı bölgədə idxal edilən kənd təsərrüfatı məhsullarının hansının istehsalı və emalının mümkünlüyü planlaşdırılmalıdır.
Yerli tələbatın ödənilməsi ilə yanaşı, ixrac yönümlü məhsulların istehsalı, xidmət sahələrinin təşkili bələdiyyəyə xarici valyuta ilə gəlir əldə etməsinə kömək edə bilər.
Növbəti mərhələdə bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün biznes bacarıqlarının və biliklərinin artırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan keyfiyyətli biznes təlimləri təşkil edilməlidir. Təlimlərin keçirilməsində məqsəd yaranacaq bələdiyyə müəssislərini və bələdiyyə biznesini idarə edə biləcək peşəkar və bacarıqlı biznes idarəçilərinin yetişdirilməsidir.
Görüləcək işlərdə bələdiyyə assosiasiyalarının rolu və iştirakı da müsbət nəticələr verə bilər. Bələdiyyə assosiasiyaları bu istiqamətdə görüləcək bütün işləri yaxından monitorinq edərək, onların səmərəliliyini və müvafiq yenilikçi təşəbbüsləri, təklifləri, gətirəcəyi faydaları müəyyən edə, maneələrin aradan qaldırılmasına kömək etmək üçün təkliflə çıxış edə, habelə bələdiyyələrin təşəbbüslərini dəstəkləyə bilərlər.
Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları bələdiyyələr tərəfindən bu sahədə göstəriləcək təşəbbüsü, ediləcək müraciət və təklifləri dəstəkləməklə, onlara yaxından hərtərəfli yardım göstərməlidir. Bununla yanaşı, bir neçə bələdiyyənin, o cümlədən şəhər, qəsəbə və kənd bələdiyyələrinin qarşılıqlı müqavilələr əsasında birgə istehsal və xidmət sahələrinin yaradılması təşəbbüsünə də əlaqələndirici yardımlar edə bilər.
Hazırda sahibkarlığın inkişafında və yerli turizmin təşkilində bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı bələdiyyələrə paylanılmış, Ədliyyə Nazirliyi kollegiyasının qərarına uyğun olaraq hazırlanmış "Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə yardımı ilə çap edilərək təqdimatı keçirilmişdir. Həmçinin Nazirliyin regional ədliyyə idarələri ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün Gəncə-Qazax iqtisadi rayonunda “Subvensiya layihələrinin hazırlanması və idarə edilməsi”, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı” mövzularında regional təlim və seminarlar keçirilmişdir.
Bələdiyyələrlə İş Mərkəzi tərəfindən yerli özünüidarə orqanlarının dayanıqlı gəlir mənbələrinin əldə edilməsi məqsədi ilə bələdiyyələr tərəfindən sahibkarlıq qurumlarının yaradılması vəziyyətinin, həmçinin yaradılmış müəssisələr barədə zəruri məlumatların öyrənilərək təhlil edilməsi və nəticəsinə uyğun əməli və metodik kömək göstərilməsi barədə bir sıra tədbirlər həyata keçirilsə də, nəticələr hələlik qanedici deyildir.
Təqdim olunan məlumatlar göstərir ki, bələdiyyələr tərəfindən yaradılmış müəssisələrin sayı olduqca azdır və yaradılmış müəssisələrin böyük hissəsinin fəaliyyətə başlaması üçün lazımi təşəbbüs göstərilmir. Hazırda bu sahədə işlərin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bununla yanaşı, bələdiyyələr tərəfindən fəaliyyət göstərən müəssisələrin mənfəət vergisinin düzgün hesablanmasına və yerli büdcəyə ödənilməsinə diqqət yetirilmir. Bir sıra hallarda isə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmamış və həmin torpaq sahələrinin müəssisəyə ayrılması ilə bağlı sənədləşmə işləri aparılmamışdır.
Qeyd olunan bu problemlər bələdiyyə müəssisələrinin qanunauyğun fəaliyyət göstərməsinə maneçilik törədir. Bələdiyyə müəssisə təsis edərkən ilk növbədə onun yaradılması qaydalarını bilməli və müəssisənin fəaliyyətini qanunauyğun qurmalıdır. Bələdiyyələr tərəfindən təsis edilən hüquqi şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericilyində nəzərdə tutulmuş qaydalarla yaradılması və fəaliyyəti üçün aşağıda qeyd olunanlara xüsusi diqqət yetirilməsi zəruridir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən bələdiyyələr tərəfindən təsis edilən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir.Hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.Bələdiyyənin yaratdığı hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir.
Bələdiyyə tərəfindən təsis edilən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.
Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciəti aşağıdakı formada olmalıdır:
 - Bələdiyyə təsis etdiyi hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etməlidir.
- Ərizə bələdiyyə və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
Ərizədə aşağıdakılar göstərilir:
- təsisçi bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi.
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsis sənədləri – bələdiyyə və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə bələdiyyə tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- təsisçi bələdiyyənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti.
Yeni müəssisələrin yaradılması və bələdiyyə sahibkarlığının genişləndirilməsi istiqamətində bələdiyyələrlə aparılan işin gücləndirilməsi zəruridir. Təhlillər göstərir ki, bələdiyyələrdə, onların vəzifəli şəxslərində təşəbbüskarlıq, habelə işgüzarlıq olduqda nəticə əldə etmək mümkündür.


Ləzifə Məmmədova
Bələdiyyələrlə iş mərkəzi
İnzibati nəzarət idarəsinin
məsləhətçisi

Könüllülük fəaliyyəti inkişafa yönəlmişdir

Dünya tarixində müasir anlamda “könüllü fəaliyyət” anlayışı ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranmışdır. Bu anlayış könüllü hərbiçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxmışdır. 1881-ci ildə ABŞ-da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Qurumunun yaranmasına səbəb olmuşdur. Rusiyada XIX əsrdə könüllülük prinsipləri ilə çalışan müəllim və həkimləri də örnək göstərmək olar. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratmışdır. Burada yaralılara könüllülər ilkin tibbi yardım göstərmişdilər. Xeyriyyə qurumları içərisində 1863-ci ildə İsveçrədə yaranmış Beynəlxalq Qırmızı Xaç Komitəsini misal göstərmək olar.
Beynəlxalq humanitar qurumlar öz mandatları çərçivəsində bir çox könüllülük proqramları elan etmişdilər. Bunlardan ən tanınmışı Birləşmiş Millətlər Könüllüləri proqramıdır (United Nations Volunteers –UNV). Bu proqram BMT-nin sülh və inkişafa nail olmaq uğrunda bütün dünyanı əhatə edən könüllülük fəaliyyətidir. Ali və ya orta ixtisas təhsilli olmaq, minumum 25 yaş həddinə çatmaq, minumum iki il müvafiq sahədə təcrübə, ingilis, fransız, ispan dillərindən ən azı birində sərbəst danışmaq, könüllülük fəaliyyətinin prinsip və dəyərlərinə sadiq olmaq, çətin yaşam səbəblərinə tab gətirmək, güclü təşkilatçılıq və insanlarla işləmək vərdişlərinə nail olmaq, multikultural şəraitdə işləmək təcübəsi BMT könüllüsü olmaq üçün əsas tələblər hesab olunur.
1985-ci ildə BMT Baş Assambleyası dekabr ayının 5-ni Beynəlxalq İqtisadi və Sosial İnkişaf Naminə Könüllülər günü (İnternational Volunteer Day for Economic and Social Development Day) və ya qısaca olaraq Beynəlxalq Könüllülər Günü kimi qeyd etmək təklifi ilə çıxış etmişdir. Könüllülər öz istedad, zaman və enerjilərini cəmiyyətə heç bir təmənna gözləmədən bəxş edirlər. XX əsrin ikinci yarısından başlayaraq könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.
Azərbaycanda da könüllülük ənənəsi çox zəngindir. XIX əsrin sonu XX əsrin əvvəlləri bir sıra xeyriyyə cəmiyyətləri çox uğurlu fəaliyyət göstərmiş, insanları başqalarının xeyrinə cürbəcür işlərə cəlb etmişlər. Humanitar sahədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildə yaranmışdır. Həmin ilin mart ayının 10-da Azərbaycan Xalq Cumhuriyyətinin Müdafiə naziri general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaiti ayrılmışdır.
İkinci dünya müharibəsi illərində yaralı əsgərlərə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, bütövlükdə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq bir çox şəfqət bacıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan “Florens Naytinqeyl” medalı ilə təltif edilmişdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olmuşdur. Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, cənab prezident İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-nun “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Hazırda bu qurumun 20000-ə yaxın könüllüsü vardır.
Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın humanist ənənəsindən qaynaqlanır. Bu hadisələrdə həkimlərin və tibb bacılarının təmənnasız yardımı ilə onlarla yaralının həyatını qurtarmaq mümkün olmuşdu.
Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlamışdır. Dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq hərtərəfli və davamlı inkişaf məqsədi ilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılmışdır. Bu prosesə insanları könüllü cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilirdi. Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlamış, 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq güclü könüllü komandası yaradılmış və könüllülük prinsipinin geniş auditoriyaya təbliğatına start verilmişdi.
XXI əsrin əvvələrindən ölkəmizin neft gəlirləri ilə müşayiət olunan yeni dövrü başlamışdır. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi olmuşdur. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, könüllüyün mühüm önəm daşıması danılmaz idi.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. Ölkəmizdə Könüllülük hərəkatı ASAN xidmət mərkəzlərində başlamış və çox geniş yayılmışdır.
Könüllülük insansevərlik, vətənsevərlik, əməksevərlik göstəricisidir. Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaqdır. Könüllülük fərqli düşüncələrə bərabər sayğı bəsləməkdir. Könüllülük cəmiyyəti yaxşılığa doğru dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Könüllü xidmət ictimai həyatda iştirak, həyat bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə inteqrasiya, təhsilin inkişaf etdirilməsi, fərdlərin inkişafına fayda vermək baxımından əhəmiyyətlidir. Könüllülük fəaliyyəti yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində insanlara özlərini inkişaf etdirməyə yardımçı olur. Könüllülük fəaliyyəti şəffaflığı, operativliyi, məsuliyyəti, mənəvi zənginliyi təmin edir, gülərüz və səbirli olmağı aşılayır.
Qeyd olunur ki, könüllülərin cəlb olunması işçi çatışmazlığını aradan qaldırmaq məqsədi güdmür. Onları cəmiyyətlə, insanlarla qarşılaşdırmaq, əmək vərdişləri aşılamaq, iş təcrübəsinə yiyələndirmək kimi məsələlər əsas məqsəd olmalıdır.
Könüllülük bu gün ayrıca bir sahə kimi formalaşmış və bu sahənin öyrənilməsi, mənimsənilməsi üçün dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza yaradılmışdır. Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti” haqqında 2009-cu il 9 iyun tarixli Qanununun mühüm rolu vardır. Qanuna görə könüllü fəaliyyət - Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir (m.2.1). Könüllü - öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.(m.2.2).
Bu Qanunun 2.3 maddəsinə əsasən könüllü fəaliyyətin təşkilatçısı- könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllü fəaliyyətinin təşkilatçılarının və könüllülərin hüquqları və vəzifələri “Könüllülük fəaliyyəti” haqqında Qanunla tənzimlənir.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli Sərəncamı da çox böyük önəm daşıyır. Prezident İlham Əliyev Kürdəmir ASAN xidmət mərkəzinin açılışında könüllülərlə görüşü zamanı söylədiyi nitqində bir daha bugünkü dövrdə könüllülərin mühüm önəm daşıdığını, könüllülərin getdikcə bütün fəaliyyət sahələrinə axın etdiyini, könüllülük kimi dəyərin xalqın milli ruhundan qaynaqlandığını bildirmişdir.
Azərbaycanda könüllülük hərəkatının genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın da rolu çox böyükdür. Onların təşəbbüsü ilə həyata keçirilən bir çox layihələrə könüllü gənclər qoşulmuş və bu layihələrin həyata keçirilməsinə öz töhfələrini vermişlər.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən könüllülər institutunun genişləndirilməsinə, gənclərə peşə vərdişləri aşılamasına, onların ədliyyə sistemində könüllülük işinə cəlb olunmasına daim diqqət yetirilərək Nazirliyin Kollegiyası tərəfindən 2016-cı ilin oktyabr ayında qərar qəbul edilmiş, gənclərin ədliyyə sahəsində könüllü fəaliyyətə daha geniş cəlb olunması məqsədilə tədbirlər planı təsdiq olunmuş, ədliyyə orqanları və könüllülər arasında münasibətləri tənzimləyən nümunəvi müqavilə, həmçinin müraciət formaları hazırlanmışdır. Nazirliyin internet saytında ayrıca bölmə yaradılaraq zəruri məlumatlar orada yerləşdirilib, könüllülərə birbaşa elektron qaydada müraciət etmək imkanları yaradılıb. Başlıca olaraq hüquqşünaslıq və informasiya-kommunikasiya ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə cəlb edilir.
Bu tədbirlərin nəticəsi olaraq yüzlərlə könüllü ədliyyə orqanlarında, eləcə də müvafiq məhkəmələrdə fəaliyyətə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər təşkil edilib və ədliyyə orqanlarında işə götürülmüşlər.
Bu gün könüllülər Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında, o cümlədən aparatında səmərəli fəaliyyət göstərirlər. Könüllülərlə bağlı atılan uğurlu addımlardan biri də “Ədliyyə könüllüləri” İctimai Birliyinin yaradılması və fəaliyyətə başlaması olmuşdur.
Könüllülük hərəkatının inkişafında, arzuolunan məqsədlərə çatılmasında bələdiyyələr də öz töhfələrini verə bilərlər. Bələdiyyələr “Könüllülük fəaliyyəti” haqqında Qanunun tələblərini, Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq öz fəaliyətlərində könüllülərdən istifadə etməklə yerli özünüidarəetmə sahəsində könüllülük institutunun inkişafına təkan verməyə çalışmalıdırlar. Bələdiyyələrə könüllüləri cəlb etməklə gələcəkdə yerli özünüidarəetmə orqanları üçün potensial işçi qüvvəsinin yaranmasına kömək etmək olar.
Yerli özünüidarəetmə orqanlarına könüllülərin cəlb olunması məqsədi ilə Bələdiyyələrlə İş Mərkəzi tərəfindən ayrıca tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilmiş, bələdiyyələrə könüllülük işinin məqsəd və vəzifələri bir daha izah olunaraq onlara bu mühüm sahəyə diqqətin artırılması tövsiyə olunmuşdur.


 
Laləzar Arif qızı Əlizadə
Ədliyyə Nazirliyi
Bələdiyyələrlə İş Mərkəzinin
məsləhətçisi
III dərəcəli ədliyyə qulluqçusu

“Heydər Əliyev və yerli demokratiya”

“Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”.

Heydər Əliyev
Ümummilli lider
  
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür.
Ümummilli lider daima Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyevin idarəetmə siyasətinin başlıca istiqaməti, ideyası xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənmişdir. Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Ulu öndərin başçılığı altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan xalqının və Azərbaycan dövlətinin bilavasitə köklü mənafeləri ilə bağlı məsələlərin, xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, hakimiyyətin bölgüsü, hüququn aliliyi, mülkiyyətin bütün növlərinə bərabər hüquqi status verilməsi ilə onun toxunulmazlığı və s. mütərəqqi bəşəri dəyərlərin, əsas insan hüquq və azadlıqlarının Konstitusiyada təsbit olunması ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkə həyatının bütün sahələrində irimiqyaslı dəyişikliklər baş verərək birbaşa xalq tərəfindən seçilən qanunverici orqanın və Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən, dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan prezident institutu formalaşmış, dövlət hakimiyyət orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilmişdir. Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri mülkiyyətin dövlət, bələdiyyə və xüsusi olmaqla 3 formasının yaradılması, xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olmuşdur.
Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır.
Konstitusiyanın qəbulundan sonra “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları, o cümlədən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunları qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılmışdı. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilmişdir.
Ölkəmizdə ilk dəfə 1999-cu ilin dekabrda keçirilən bələdiyyə seçkilərində 20454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlamışdır. Bələdiyyə institutunun önəmini yüksək qiymətləndirən ulu öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırmışdır.
Ümummilli liderimiz Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi kimi dəyərləndirərək bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yerli özünüidarəetmə haqqında danışarkən bu strukturun bizim ölkəmizdə demokratik proseslərin vacib hissəsi, mühüm istiqaməti olduğunu xüsusi vurğulayırdı. O, qeyd edirdi ki, özünüidarəetmənin səlahiyyətli, müstəqil orqanları demokratiyanın inkişaf şərti və eyni zamanda dövlətin idarə edilməsində vətəndaşlar üçün imkanlar yaradılmasının göstəricisidir.
Ümummili liderimiz bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi.
Yerli özünüidarəetmə ilə bağlı məsələlərə ümummilli liderin xüsusi qayğısının nəticəsi olaraq onun 2000-ci il 8 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış və Mərkəzin əsas məqsəd və vəzifələri kimi yerli özünüidarə orqanlarının üzvləri və həmin orqanların icra aparatlarının işçilərinin bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək göstərilməsi müəyyən edilmişdir.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin üzərinə qoyulan mühüm vəzifələrdən biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsidir. İnzibati nəzarət yerli demokratiyanın inkişafına xidmət edən hüquqi vasitədir və onun səmərəli həyata keçirilməsi olduqca vacibdir. Yerli özünüidarə orqanları üzərində istənilən inzibati nəzarət yalnız konstitusiya ilə yaxud qanunla nəzərdə tutulmuş formalarda və hallarda, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusiya prinsiplərinə riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilməlidir. Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin 2006-cı ildə imzaladığı fərman və sərəncamları ilə Ədliyyə Nazirliyinin bu funksiyasını bilavasitə həyata keçirən Bələdiyyələrlə İş Mərkəzinin statusu yüksəldilmişdir.
Ötən müddət ərzində ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşmişdir.
Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.
Ötən illər ərzində ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, daha səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin, dövlət idarəçiliyində əksmərkəzləşmənin dərinləşməsinə imkan yaratmışdır.
Bu illər ərzində yerli özünüidarəetmə orqanları da özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışlar.
Vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi, şəffaflığın təmin edilməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ictimai iştirakçılığın əsas məqsədləri kimi yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması və əsas insan və vətəndaş hüquqlarının qorunması müəyyən edilmişdir.
Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Ölkəmizdə açıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədilə qəbul edilmiş milli fəaliyyət planları, milli strategiyaların uğurlu icrası, görülmüş sistemli tədbirlər ölkə həyatının müxtəlif sahələrində öz müsbət təsirini göstərmişdir.
Qəbul edilən konsepsiyalarda bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması məsələləri prioritet məsələlərdən olmuş, bir çox dövlət proqramlarında bələdiyyələrin inkişafını təmin edən, onların yerli əhali qarşısında məsuliyyətini artıran mühüm tədbirlər müəyyən edilmişdir. Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması ümummilli lider tərəfindən seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.
Bu tədbirlərin davamı olaraq dövlət başçısının 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunmasına yönəlmişdir. Milli Fəaliyyət Planında bələdiyyə institutunun inkişafı məsələləri diqqətdən kənarda qalmamış, yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində bələdiyyələrin milli assosiasiyalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən ictimai şuranın yaradılması, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi, bələdiyyələrlə iş portalının yaradılması kimi tədbirlər əksini tapmışdır. Qeyd edilən tədbirlərin əsas icraçılarından biri kimi Ədliyyə Nazirliyi müəyyən edilmiş və həmin məsələlərin icrası istiqamətində işlər başlanılmışdır.
Xüsusilə vurğulanmalıdır ki, ölkə başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da yerli özünüidarəetmə sahəsinə diqqət göstərilərək bələdiyyələrin kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur.
Eyni zamanda istər milli mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr əhalinin rifahının artırılmasında, sosial məsələlərin həllində xüsusi rol oynayır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq cəmiyyətimizdə qadınların fəallığı kifayət qədər artıb, onlar bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək ciddi nailiyyətlər əldə ediblər. Yerli özünüidaretmə sahəsində bu aktivlik əhəmiyyətli dərəcədə hiss olunur. Ötən illər ərzində keçirilən hər bələdiyyə seçkisində seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında artım müşahidə edilmişdir. 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkiləri nəticəsində seçilən qadın bələdiyyə üzvləri bütün üzvlərin 39 %-ni, gənclər isə 40%-ni təşkil etmişdir.
Qeyd olunmalıdır ki, dövlətin bələdiyyələrə qayğısı bunlarla kifayətlənmir. Belə ki, dövlət tərəfindən bələdiyyələrin maliyyə vəziyyətinin gücləndirilməsi istiqamətində investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması, həmçinin dövlət büdcəsindən dotasiya və subvensiya ayrılması yolları ilə yerli özünüidarəetmə orqanlarına maliyyə dəstəyi də göstərilir. Yerli büdcələr üçün subvensiya ayrılması, dotasiyanın bölgüsü zamanı şəffaflıq və ədalətlilik prinsiplərinin gücləndirilməsi məqsədilə2014-cü il 20 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilərəkdövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması qaydaları təkmilləşdirilmiş, eləcə də, bələdiyyələrə subvensiyanın ayrılmasının dövlət büdcəsində ayrıca sətirlə göstərilməsi müəyyən edilmişdir. Qanunun 34.4-cü maddəsi yeni redaksiyada verilərək dotasiyaların hesablanmasında nəzərə alınmalı olan kriteriyalar dəqiqləşdirilmişdir. Hər il dövlət büdcəsindən bələdiyyələrə ayrılmış dotasiyalar yerli büdcənin kəsirlərinin ödənilməsi, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. İlk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən 4 bələdiyyənin layihələri üçün 1 milyon manat subvensiya ayrılmış və həmin layihələr uğurla icra edilmiş, 140-dan çox iş yeri açılmış, bələdiyyələr üçün yeni gəlir mənbələri yaradılmışdır. 2020-ci ilin dövlət büdcəsində isə yerli büdcələr üçün nəzərdə tutulmuş dotasiya və subvensiyaların məbləğinin əvvəlki illə müqayisədə daha çox müəyyən edilməsi dövlətin yerli özünüidarəetmə orqanlarına etimadının göstəricisi olmaqla, bələdiyyələrin maliyyə imkanlarının güclənməsinə, ölkəmizin hərtərəfli inkişafı şəraitində bələdiyyələrin fəallığının yüksəlməsinə, bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına öz müsbət təsirini göstərəcəkdir. Hazırda subvensiya ayrılmış 6 bələdiyyə layihələrinin icrasına başlanılmışdır.
Məlumdur ki, 2019-cu ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də demokratik, şəffaf, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən olmuşdur.
Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır.
Təməli və əsas prinsipləri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və yerli sosial-iqtisadi məsələlərin həllində onların iştirakının genişləndirilməsi ilə yerli özünüidarəetmənin səmərəliliyinin daha da artırılması üçün davamlı işlər aparılır.
Məlumdur ki, hazırda bütün dünyada geniş vüsət almış koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Covid-19 virusunun daha geniş yayılmasının qarşısının alınması, itkilərin minimuma endirilməsi, yaranmış sosial gərginliyin azaldılması, yüz minlərlə vətəndaşlara, həmçinin sahibkarlara maddi dəstək göstərilməsi məqsədilə geniş sosial tədbirlərin həyata keçirilməsi, pandemiyadan sonrakı dövr üçün iqtisadi layihələr paketinin hazırlanması yönündə ardıcıl tədbirlər görülür. Dövlət başçısının çıxışlarında da vurğulandığı kimi, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu istiqamətdə ölkəmizdə xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlər gücləndirilmiş rejimdə davam etdirilir.
Ulu öndər ideyalarını daim fəaliyyətində rəhbər tutan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu çətin günlərdə xalqın yanında olaraq minlərlə insana maddi və mənəvi dəstək olur, bu amansız virusla səmərəli mübarizə üçün zəruri avadanlıqların, o cümlədən ixtisaslaşmış laboratoriyaların, süni nəfəs aparatlarının ölkəyə gətirilməsi və s. digər əhəmiyyətli layihələrinin reallaşdırılmasında misilsiz fəaliyyət göstərir.
Azərbacan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, virusla mübarizə aparan digər ölkələrin təcrübələri nəzərə alınaraq xüsusi karantin rejimi tətbiq edilmiş və qaydalar müəyyən edilmişdir.
Məhz dövlət başçısının əhalinin sağlamlığının və həyatının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçün heç bir tərəddüdsüz, qabaqcadan ciddi tədbirlər görülməsinə start verməsi xalqımızı bu virusa kütləvi yoluxma və böyük itkilərdən qorudu. Həyata keçirilən bütün tədbirlər nəticəsində pandemiyaya qarşı mübarizədə formalaşan mütərəqqi Azərbaycan təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı və digər mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Bu mübarizədə dövlət orqanları ilə yanaşı, bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyələrin başlıca vəzifəsilərindən biri də yerli əhalinin sosial-iqtisadi problemlərinin həllində iştirak etməkdir. Bu çətin dövrdə bir sıra bələdiyyələr tərəfindən ərazilərində yaşayan aztəminatlı ailələrə, 65 yaşdan yuxarı insanlara kömək məqsədilə ərzaq bağlamaları paylanılır, habelə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin edilməsi məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verilir. Pandemiyaya qarşı mübarizədə bələdiyyələr özlərinin bütün imkanlarından istifadə edərək dövlət orqanları ilə sıx əməkdaşlıq etməli, bu işdə hər bələdiyyə üzvü, bələdiyyə qulluqçusu şəxsi davranışı ilə başqalarına örnək olmalı, yerli özünüidarəetmə orqanının adına ləkə gətirə biləcək hərəkətlərdən çəkinməlidirlər.
Ədliyyə Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyət göstərməsi üçün tədbirləri davam etdirir.                                                                                                                                         


Rəhman Məmmədov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Bələdiyyələrlə iş mərkəzinin rəisi
baş ədliyyə müşaviri

Ulu öndər Heydər Əliyevin Azərbaycanın hüquq sisteminin inkişafında rolu

Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx işbirliyi quran Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolu var. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə xüsusi diqqət yetirilən məqamlardan biri insan hüquqlarının ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmin edilməsi və bu qəbildən olan digər məsələlər olub. Bu mənada Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyıb.
Ulu öndər Heydər Əliyevin idarəçiliyində humanizm prinsiplərinin prioritet istiqamət təşkil etməsi, insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsinə hər cür şərait yaradılması dünyanın siyasi səhnəsinə artıq müstəqil dövlət kimi qədəm qoyan Azərbaycan dövlətçiliyinin mahiyyətində dayanan əsas məqamlardan birini təşkil edib. Beləliklə, həm də mütərəqqi demokratik ideyalara sadiq olan Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət quruculuğu başlanıb, bunun üçün daim təkmilləşdirilən möhkəm hüquqi baza formalaşdırılıb. Bu məqsədlə zamanın tələblərinə cavab verən genişmiqyaslı hüquqi islahatların reallaşdırılmasına həmişə Ulu Öndərin rəhbərliyi altında xüsusi diqqət yetirilib, yerli qanunvericilik bazası qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq daha təkmilləşdirilərək mükəmməl formaya salınıb.
Ölkəmizdə həyata keçirilən hüquqi islahatlara tarixi prizmadan nəzər salsaq, görərik ki, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası işlənib hazırlandı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Əsas hüquqi təminatları müəyyən edən Konstitusiyanın qəbul olunması hüquqi islahatlar üçün şərait yaratdı. 1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Hüquqi islahatlar komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovet İttifaqından qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarı ilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı.
Daim Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasına dünya birliyində layiqli yer tutmasına çalışan ulu öndər Heydər Əliyev ölkənin Əsas Qanununa bələdiyyələrin təşkilinin ümumi prinsiplərini təsbit edən ayrıca fəsil əlavə etməklə dövlət idarəetməsinə yeni anlayış gətirdi. Azərbaycan Respublikasında yeni mexanizm olan bələdiyyələrin təşkil olunması və seçkilərin keçirilməsi üçün bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin səlahiyyətləri və vəzifələri haqqında bir neçə normativ hüquqi aktlar qəbul olundu.
Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri-məhkəmə müdafiə mexanizmi - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.
Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı. Ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan hüquqları Konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.
Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradıldı, hüquq mühafizə fəaliyyəti təkmilləşdirildi, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndi.
Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.
Ümummilli lider Heydər Əliyevin hüquqi siyasət kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə, eyni zamanda, ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər görüldü. 2004-cü il yanvarın    13-də Avropa Şurası ilə əməkdaşlıqda hazırlanmış “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul edildi və 2004-cü il sentyabrın 3-də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) prezident tərəfindən təsdiq olundu. Dövlət proqramı normativ-hüquqi aktların qəbul edilməsi, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur.
Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir. Praktiki tədbirlərin dairəsi isə genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verir.
Hüquq islahatların uğurlu olması üçün, ilk növbədə, onun təməlində sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır. Bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və sair dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar vətəndaşlarımızın sosial-iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edir.
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu siyasətin əsas istiqamətlərindən biri olan hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı müasirləşməsini təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə ölkəmizin hüquq sistemində aparılan uğurlu islahatlarla yanaşı, Azərbaycanın iqtisadi gücü artırılıb, Silahlı Qüvvələri hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaradılıb. Məhz Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, şanlı Ordumuz 44 günlük Vətən müharibəsində mənfur düşməni məğlub edərək, 30 ildən sonra əzəli torpaqlarımızı işğaldan azad edib.
Vətən müharibəsinin başlandığı 2020-ci il 27 sentyabr tarixindən bütün xalq Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni əsirgəmirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi ki, bu da               Xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.
Ordumuzun tarix yazdığı 44 gün ərzində Prezident İlham Əliyevin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi.
Azərbaycanın çiçəklənməsi, beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında Prezident İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Mehriban Əliyevanın müstəqil dövlətimizin inkişafına verdiyi böyük töhfələr göz qabağındadır.
Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.
Öz şərəfli fəaliyyəti ilə ölkəmizi və xalqını əlçatmaz zirvələrə ucaltmış ümummilli lider Heydər Əliyev bu gün hər birimizin qəlbində yaşayır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət etmək.
Ədliyyə işçiləri də öz növbəsində Ulu Öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə Prezidentimizə layiqli yardımçı olmaq üçün daim əzmlə çalışacaqlar.



Elmin Həsənov
Ədliyyə Nazirliyi
Bələdiyyələrlə iş mərkəzinin
rəis müavini 

Çoxmənzilli binanın idarə edilməsində bələdiyyələrin vəzifələrinə dair qanunvericiliyin tələbləri mövzusunda

Çoxmənzilli binaların idarə edilməsi məsələsi kifayət qədər aktual və müzakirə predmeti olan mövzu olsa da, bu işdə sovet dönəminin inzibati amirliyə söykənən metodlarının hələ də tətbiq olunması, çağdaş qanunvericiliyin yaratdığı imkanlardan tam istifadə edilməməsi yaşayış binalarının idarə olunmasında bəlli problemlər yaradır, dövlət büdcəsinin gərəksiz, artıq yüklənməsinə səbəb olur. Nəticədə binaların nəinki görünüşcə, bütövlükdə vaxtından tez aşınmasına gətirib çıxarır. Bu halda köhnə binalarla yanaşı, yeni tikilmiş çoxmənzilli yaşayış binalarında da ciddi maliyyə vəsaiti tələb edən problemlərin yaranması qaçılmaz olur. Doğrudur, son 10-15 il ərzində dövlət büdcəsindən ayrılan vəsait hesabına çoxmənzilli binaların abadlaşdırılması üçün misilsiz işlər görülsə də, bu tədbirlər dövlət büdcəsini çox yüklədiyindən iqtisadi baxımdan səmərəli sayılmır.
Məlumdur ki, müstəqillik dövründə dövlətimiz tərəfindən digər sahələrlə yanaşı, mənzil münasibətlərinin də tənzimlənməsi ilə bağlı yeni yanaşmalar tətbiq olunmaqla Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi (bundan sonra – Məcəllə) qəbul edilmiş və 2009-cu ilin 1 oktyabr tarixdən qüvvəyə minmişdir. Məcəllədə mənzil qanunvericiliyinin əsasları, bu münasibətlərin iştirakçıları, onların hüquq və vəzifələri və digər mühüm məsələlərlə yanaşı, çoxmənzilli binalarının idarə edilməsi ilə bağlı da normativ hüquqi tənzimləmə aparılmışdır.
Qanunvericilikdə çoxmənzilli binaların idarə edilməsi məsələsinin nizamlanmasına baxmayaraq, təcrübədə bu sahədə əsasən köhnə idarəetmə üsullarının tətbiq edilməsinin şahidi oluruq. Belə ki, özəl qurumların və istehlak xarakterli mənzil-tikinti kooperativlərinin tikdikləri binalar istisna olmaqla, başqa binaların idarə olunması mənzil-istismar sahələri tərəfindən həyata keçirilir. Özəl qurumların və istehlak xarakterli mənzil-tikinti kooperativlərinin tikdikləri binalar isə bu qurumların özlərinin müəyyən etdiyi və bir-birindən fərqli qaydalarla idarə olunurlar. Beləliklə, çoxmənzilli binaların idarə edilməsində bir dağınılıqlıq ortaya çıxır ki, bu da müxtəlif problemlərin yaranmasına səbəb olur.
Məcəllədə çoxmənzilli binanın idarə edilməsinin yeni üsulları müəyyənləşdirilsə də, dövlət mənzil-istismar sahələri ilə bağlı hər hansı tənzimləmə aparılmamış, bu da öz növbəsində mənzil-istismar sahələrinin hüquqi statusunda qeyri-müəyyənliyə yol açmışdır. Qeyd olunur ki, “Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir ki, dövlət mənzil-istismar qurumları yalnız mənzil mülkiyyətçiləri ilə bağlanmış müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. Təcrübədə mənzil-istismar sahələrinin bu istiqamətdə göstərdikləri xidmət demək olar ki, kommunal ödənişlərin yığılması ilə məhdudlaşır.
Yuxarıda qeyd olunanlar, həmçinin mənzil-istismar sahələrinin funksiyalarının mahiyyətcə köhnəlməsi, müasir tələblərə adekvat olmaması, çoxmənzilli binaların idarə edilməsi işində mülkiyyətçilərə alternativ seçim imkanlarının yaradılmasının vacibliyi və digər zəruri məsələlər nəzərə alınaraq, Məcəllə çağdaş dövrün tələblərinə uyğun hazırlanmış və mülkiyyətçilərə mənzil münasibətlərinin iştirakçısı kimi daha geniş imkanlar vermişdir.
Mənzil qanunvericiliyi təkcə bu Məcəllə ilə məhdudlaşmır. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyət və mənzil toxunulmazlığı hüququ konstitusion norma kimi təsbit olunmuş və mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək imkanı müəyyən edilmişdir. Eyni zamanda, Məcəllədə fiziki və hüquqi şəxslərə mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirmək, o cümlədən onlar barəsində sərəncam vermək hüququ təsbit olunmaqla, mülkiyyətçilərə müqavilə azadlığı verilmişdir.
Məcəllənin ölkəmizdə artıq formalaşmış olan mənzil münasibətlərinə gətirdiyi bir çox yeniliklərdən biri də, çoxmənzilli binaların idarə edilməsi əsaslarının müəyyən olunması ilə bağlıdır. Belə ki, Məcəllənin yeddinci bölməsi çoxmənzilli binanın idarə edilməsi barədə məsələlərə həsr olunmuşdur.

Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludurlar:
· sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;
· mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;
· idarəedici təşkilat tərəfindən idarə olunma.

Çoxmənzilli binanın idarə edilmə üsullarının hər birinə ayrılıqda qısaca nəzər salaq.
İlk növbədə nəzərə alınmalıdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanı olub, çoxmənzilli binanın idarə edilməsi üsulunu seçmək hüququna malikdir. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
Çoxmənzilli bina həmin binanın sahə mülkiyyətçiləri tərəfindən birbaşa idarə edildikdə, sahə mülkiyyətçiləri onların ümumi yığıncağının qərarı əsasında binanın ümumi əmlakının saxlanması üzrə xidmətlərin göstərilməsi və təmiri işlərinin yerinə yetirilməsi üçün müqavilələri uyğun fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlayırlar. Bu zaman, su, qaz və elektrik təminatı, kanalizasiya, istilik təchizatı haqqında müqavilələri çoxmənzilli binanın idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisi öz adından bağlamalıdır.
Çoxmənzilli binanın idarə edilmə üsullarından biri də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəetmənin həyata keçirilməsidir. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səs çoxluğu ilə fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış iştirakçıların səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir.
Qeyd olunur ki, çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. İdarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməli olan qaydalar əsasında həyata keçirilməlidir.
Məsələyə baxılarkən beynəlxalq təcrübəni də öyrənmək faydalı olardı. Avropa ölkələrinin çoxunda və bəzi postsovet dövlətlərində, habelə qonşu Rusiya və Gürcüstanda çoxmənzilli binaların idarə olunması işi “Kondominium modeli”nin geniş tətbiqi ilə həllini tapmışdır. Bu idarəetmə forması ilə yanaşı, qərb ölkələrində ixtisaslaşmış idarəedici təşkilatların xidmətlərindən də geniş istifadə olunur.
Kondominium – latın sözü olub dilimizə tərcümədə ümumi sahiblik mənasını verir və çoxmərtəbəli binaların ümumi istifadədə olan elementləri üzərində ortaq mülkiyyət forması kimi müəyyən olunur. Çoxmərtəbəli binalarda yaşayanların hər biri ayrı-ayrılıqda öz mənzillərinin xüsusi mülkiyyətçisi, binanın həmin mənzilə xidmət edən ümumi hissələrinin isə ortaq mülkiyyətçisi kimi çıxış edirlər və onların yaratdıqları idarəetmə forması kondominium adlanır. Kondominiumlar ölkəmizdə olan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri ilə oxşardır.
Kondominiumlar çoxmənzilli binanın ixtisaslaşmış təşkilat tərəfindən idarə edilməsindən daha məqbul və sərfəli hesab olunur. Belə ki, kondominium idarəetməsi zamanı heç kimə əlavə xidmət haqqı ödənilmir, işlər mənzil mülkiyyətçiləri tərəfindən görülür. Eyni zamanda, binanın idarəedilməsi və saxlanılması ilə bağlı qərarlar birbaşa mülkiyyətçilər tərəfindən qəbul olunur.
Müzakirə mövzusu olan məsələlərə dair yerli özünüidarə orqanları olan bələdiyyələrə də bir sıra mühüm vəzifələr həvalə olunmuşdur. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində binanın idarə edilmə üsulu seçilmədikdə və ya idarə edilmə üsulunun seçilməsi barədə qərar icra olunmadıqda, binanın yerləşdiyi ərazinin bələdiyyəsi sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu yığıncaqda sakinlərin hüquq və vəzifələri onlara bildirilməlidir.
Bir il ərzində çoxmənzilli binanın idarə olunması ilə bağlı məsələlər müsbət həllini tapmadıqda, yəni idarəetmə üsulu seçilmədiyi və ya bu barədə qərar icra olunmadığı halda, həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üçün açıq müsabiqə keçirməlidir. Mənzil Məcəlləsinin 141.5-ci maddəsinə uyğun olaraq belə müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
Uyğun bələdiyyə tərəfindən qanunvericliyin tələblərinə əsasən sözügedən açıq müsabiqə keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırılır. Sahə mülkiyyətçiləri müsabiqənin qalibi olmuş idarəedici təşkilatla ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq müqavilə bağlamağa borcludurlar.
Mənzil Məcəlləsində sahə mülkiyyətçiləri ilə müqavilənin notariat qaydasında bağlanması üçün ayrıca şərt müəyyən edilmədiyinə görə, mülki hüququn müqavilələr üçün müəyyən edilmiş prinsipləri və şərtləri əsas götürülməlidir. Bu cür müqavilələr xidmət müqaviləsi sayıldığı üçün notariat qaydasında təsdiq edilməsi tələb olunmur. Belə ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Eyni zamanda, həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
Mülki Məcəlləyə görə (maddə 406.1) müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (406.2). Göstərilənlərə uyğun olaraq hesab olunur ki, çoxmənzilli binanın idarə olunması üçün müqavilə notariatdan kənar qaydada bağlana bilər.
İdarəetmə müqaviləsi bağlanarkən mülki hüququn müqavilələr üçün qoyulmuş ümumi prinsipləri əsas götürülməlidir. Bu cür müqavilələrdə müqavilənin bağlandığı yer və tarix, müqavilənin predmeti olan çoxmənzilli binanın ünvanı, xidmətin növləri, tariflər, xidmət haqqı, sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanılması və təmiri və başqa xidmətlər üçün ayırdıqları maliyyə vəsaiti üzərində idarəedici tərəfindən sərəncam vermə hüququ və şərtləri, hesabatlılıq, müqavilə iştirakçılarının rekvizitləri (ad, soyadı, ünvan), iştirakçı hüquqi şəxs olduqda hüquqi ünvanı, bank hesabı, hüquqi şəxsin dövlət qeydiyyatı, müqaviləni imzalayan təmsilçinin vəzifəsi, adı, soyadı, ünvanı, əlaqə vasitələri, müqaviləyə vaxtından əvvəl xitam verməyin əsasları, müqavilənin qüvvədə olma müddəti göstərilməlidir. Bununla yanaşı, Mənzil Məcəlləsinin 142-ci maddəsində müəyyən edilmiş xüsusi şərtlər də müqavilədə nəzərə alınmalıdır.
Göstərilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, əgər binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçiləri tərəfindən seçilməzsə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Açıq müsabiqə qanunvericiliyə görə baş tutmamış hesab olunduqda (“Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın 3.8-ci bəndinə görə müsabiqə təklifləri olan zərflərin açılmasına başlanmazdan bir gün əvvələdək müsabiqədə iştirak üçün heç bir ərizə verilməmişdirsə, müsabiqə baş tutmamış hesab olunur.), müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına yol verilir. Müsabiqə baş tutmamış hesab olunarsa, Məcəllənin 141.9-cu maddəsinə əsasən bələdiyyənin müəyyən etdiyi istənilən idarəedici təşkilatla müqavilə bağlana bilər.
Bələdiyyələrin bu istiqamətdə səlahiyyətləri yalnız qeyd olunanlar deyil. Belə ki, çoxmənzilli binaların idarə edilməsi üçün şərait yaradılması işi də Məcəllə ilə bələdiyyələrə tapşırılmışdır. Bu məqsədlə onlar idarəedici təşkilatın fəaliyyəti üçün bərabər şəraiti təmin etməli, çoxmənzilli binanın idarə edilməsini həyata keçirən şəxslərin ixtisasının artırılmasına, belə fəaliyyəti həyata keçirmək niyyəti olan şəxslərin təlimini təşkil etməyə köməklik göstərməlidirlər. Eyni zamanda, vətəndaşların sorğusu əsasında onlara binaların və yaşayış sahələrinin saxlanması, təmiri üzrə xidmət və işlərin müəyyən edilmiş qiymət və tarifləri, bu qiymət və tariflərə müvafiq haqqın miqdarı, göstərilən xidmət, habelə yerinə yetirilən işlərin siyahısı və keyfiyyəti, o cümlədən göstərilən kommunal xidmətlərin qiyməti və tarifləri, bu xidmətlərin haqqının miqdarı barədə məlumat vermək bələdiyyələrin vəzifələrinə aid edilmişdir.
Bələdiyyələrin idarəedici təşkilatlara, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinə, mənzil-tikinti kooperativlərinə və ya digər ixtisaslaşmış istehlak kooperativlərinə çoxmənzilli binaların əsaslı təmiri üçün öz vəsaitləri hesabına yardım etmək hüququ da vardır.
Qanunvericliklə bələdiyyələrə bu sahədə bir sıra vəzifələr verildiyi kimi, bu vəzifələrin icra olunmamasına görə cəza tədbirləri də nəzərdə tutulmuş, 2018-ci il 18 dekabr tarixli Qanunla İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunaraq, mənzil qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Belə ki, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Məcəllə ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslər üçün inzibati məsuliyyət (üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə) müəyyən edilmişdir.
Çoxmənzilli binaların idarə edilməsi məsələsinə bələdiyyələr tərəfindən yalnız qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrası prizmasından yanaşılması doğru deyildir. “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”na görə idarəedici təşkilat müsabiqənin nəticələri əsasında bağlanılan çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə uyğun olaraq çoxmənzilli binanın idarə edilməsini həyata keçirən hüquqi şəxs (təşkilati-hüquqi formasından asılı olmayaraq) və ya fərdi sahibkardır. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən, bələdiyyələr qanuna uyğun olaraq təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Konstitusiya da azad sahibkarlıq hüququna təminat verərək qanunla qadağan olunmamış istənilən iqtisadi fəaliyyətlə məşğul olmaq hüququnu tanıyır.
Qanunvericilikdə idarəedici təşkilatın seçilməsi üçün keçirilən açıq müsabiqədə bələdiyyələrin yaratdığı hüquqi şəxslərin iştirakını qadağan edən hər hansı norma müəyyən olunmadığından, bələdiyyə təşkilatlarının bu müsabiqələrdə iştirakı bələdiyyənin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə, yerli büdcənin formalaşmasına, eləcə də yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərən hal kimi qəbul edilməlidir. Təəssüf ki, bələdiyyələr tərəfindən bu işlərə laqeyd münasibət göstərilir, yaradılmış imkanlardan tam istifadə olunmur, bu da öz növbəsində yerli əhalinin haqlı narazılığına səbəb olur.
Hesab edirik ki, bələdiyyələr çoxmənzilli binaların idarə edilməsində özlərinin yaratdıqları kommersiya qurumları vasitəsi ilə yaxından iştirak edə bilərlər. Bu qurumların onları yaratmış bələdiyyələrin deyil, başqa bələdiyyələrin keçirdikləri müsabiqələrdə iştirakı məqsədəuyğun sayılır. Məcəllənin 141.9-cu maddəsinə uyğun olaraq müsabiqə baş tutmadığı hallarda bələdiyyənin öz qurumu ilə müsabiqəsiz müqavilə bağlaması da mümkündür. Bu, çoxmənzilli binanın idarə olunması ilə bağlı yaranmış hər hansı çətinliyi, əngəli vaxtında və çevikliklə aradan qaldırmağa kömək edə bilər. Hər bir rayon üzrə bələdiyyələrin ortaq qurumları da yaradıla bilər. Belə qurumların yalnız çoxmənzilli binaların idarə olunması yönündə işləməsi bu sahədə ixtisaslaşmanı təmin edə bilər.
Göstərilənləri ümumiləşdirib demək olar ki, çoxmənzilli binaların idarə edilməsinə dair üzərlərinə düşən vəzifələrin icrasını təmin etmək üçün bələdiyyələr öz ərazisindən məlumatlı olmalı, aidiyyəti qanunvericilik aktlarını və beynəlxalq təcrübəni öyrənməli, əhali ilə təmaslarını artırmalı, qanunvericiliklə onlara verilmiş geniş imkanlardan istifadə etməkdə təşəbbüslü olmalıdırlar.
Hazırda Nazirlər Kabineti tərəfindən çoxmənzilli binanın idarə edilməsi qaydası müəyyən edilmədiyindən, Məcəllənin tələblərinin tam yerinə yetirilməsi mümkün deyil. Buna baxmayaraq, bələdiyyələr gələcəkdə hər hansı çətinliklə üzləşməmək üçün həmin qayda təsdiq olunanadək hazırlıq işlərini görməlidirlər. Çünki, qaydalar müəyyən edildikdən sonra bütün məsuliyyət bələdiyyələrin üzərində qalacaqdır.
İri şəhərlərdə yaradılmış bələdiyyələrin ərazilərində çoxmənzilli binaların sayca çox olmasına görə, bu sahədə işlərin ardıcıl və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün hər bir bələdiyyədə mənzil qanunvericiliyinin qeyd olunan tələblərini bilən, məlumatlı, təcrübəli kadrın ayrılması da zəruridir.
Qeyd olunan sahədə qanunvericiliyin tələbləri barədə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən “Çoxmənzilli binaların idarəedilməsi sahəsində bələdiyyələrin vəzifələri barədə” tövsiyə hazırlanıb bələdiyyələrə göndərilmiş və bu mövzuda seminarlar keçirilmişdir.
Çoxmənzilli binaların idarəedilməsi sahəsində qanunvericilikdə bələdiyyələrin üzərinə düşən vəzifələrin icrası istiqamətində onların fəaliyyətinin canlandırılması, bələdiyyələrin bu istiqamətində fəaliyyətlərinin qanunamüvafiq və səmərəli təşkilinə köməklik edilməsində də Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl iş aparılır.


Zaur Ağapaşayev
Bələdiyyələrlə İş Mərkəzinin
məsləhətçisi
III dərəcəli ədliyyə qulluqçusu