881-Çağrı mərkəzi
Kabinetə giriş

Bələdiyyə seçkiləri

Yerli ozünüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir. Seçkilər xalqın öz iradəsini bildirməsinin daha kütləvi formasıdır. Yerli özünüidarəetmə orqanları seçkilər vasitəsilə yaradılır. Bu zaman yerli özünüidarəetməyə rəhbərlik edən şəxslər öz səlahiyyətlərini seçkilər yolu ilə bilavasitə əhalidən alırlar. Seçkilər həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə və istiqamətləndirilməsinə, vaxtı çatmış problemlərin aşkara çıxarılıb həll olunması üçün tədbirlər görülməsinə imkan verir, əhalinin sosial fəallığının artmasına kömək edir. Yerli özünüidarəetmənin həyata keçirilmə forması kimi seçkilər, demək olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur. Respublikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir.
Bir çox dövlətlərdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünüidarəetmə müvafiq inzibati ərazi vahidində yaşayan əhalini bilavasitə təmsil edən xüsusi seçkili orqanlar tərəfindən yerli əhəmiyyətli məsələlərin idarə olunmasıdır.
“Yerli özünüidarə haqqında” Avropa Xartiyasına görə yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür.
Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutu - bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirildi. Qısa müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür.
Bələdiyyələr, bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bələdiyyələr nümayəndəli orqan kimi seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvlərini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər.
Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ - aktiv seçki hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur.
Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəliyyəti ilə məşğul olduğları müddətdə) bələdiyyə üzvü ola bilməzlər.
İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.
Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilirlər:
1)    əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü;
2)    əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü;
3)    əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü;
4)    əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə - 11 bələdiyyə üzvü;
5)    əhalisi 10.000-dən 19.999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü;
6)    əhalisi 20.000-dən 49.999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü;
7)    əhalisi 50.000-dən 99.999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü;
8)    əhalisi 100.000-dən 299.999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü. 
 
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
əhalisi 99.999-dan çox olan ərazidə - 150;
əhalisi 49.999-dan çox olan ərazidə - 100;
əhalisi 19.999-dan çox olan ərazidə - 75;
əhalisi 9.999-dan çox olan ərazidə - 50;
əhalisi 4.999-dan çox olan ərazidə - 30;
əhalisi 4.999-dan az olan ərazidə - 15 seçici imzası toplamalıdır.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.
Yuxarıda qeyd edilənlər bir daha öz fəaliyyətində bələdiyyələrin müstəqilliyinə təminat verir. Dövlət hakimiyyəti sisteminə daxil olmayan və həmin orqanlardan ayrıca mövcud olan bu orqanlar yerlərdə demokratiyanın real daşıyıcısı, xalq hakimiyyətinin ən perspektivli və səmərəli formasıdır.

1999

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Bu seçkilərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılmışdır. Seçkilərin təşkili ilə 90,5 min insan məşğul olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə aktiv iştirak etmişlər. Məntəqə seçki komissiyalarının tərkibi 18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşkilatların nümayəndələrindən tərtib edilmişdi. Məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilmişdir. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınmışdı. Səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6% iştirak etdi. Seçkilər nəticəsində 20456 bələdiyyə üzvü seçildi.

2004

17 dekabr 2004-cu ildə növbəti bələdiyyə seçkiləri keçirildi. Bu seçkilər dövründə 4.551.346 insan səsvermə hüququna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 min 267 nəfər – 46,34% səs verdi. Bələdiyyə seçkilərində 2731 bələdiyyədə 21613 vakansiyaya 38041 qeydə alınmış namizəd seçildi.

2009

2009-cu ilin dekabrında keçirilmiş növbəti bələdiyyə seçkilərində fərqli xüsusiyyətlər müşahidə edildi. Belə ki, əksər ərazilərdə bələdiyyələrin “iriləşdirilməsi” prosesi baş verdi, yeni bələdiyyə bölgüsü “sovet” dönəmindəki yerli ərazi inzibati vahidlərin miqyasına yaxınlaşdırıldı. Bunun nəticəsində bir neçə kənd bələdiyyə şurası sədrinin və onun aparatının maliyyə məsrəflərinin əvəzində yalnız ümumiləşdirilmiş bələdiyyə şurasının sədri və aparatının maliyyə məsrəfi saxlandı. 
2009-cu il bələdiyyə seçkilərində 31 minə yaxın namizəd 1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə apardı. Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürüldü. Seçkilərdə 1 milyon 466 min 734 seçici səs verdi. Bu, ümumi seçicilərin 32,04 faizini təşkil etdi. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər təşkil etdi.

2011

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə səsvermə prosesi başa çatıb. Ümumilikdə 1169 seçki məntəqəsində səsvermə keçirilib. Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir. Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadındır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsillidir. Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir. Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir.

2014

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 21 oktyabr 2014-cü il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi barədə Komissiyanın 4/25 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi qərara alınmışdı. Seçkilər təyin olunduqdan sonra “Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilib və seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı bütün layihələr və addımlar Təqvim planına uyğun olaraq reallaşdırılıb.

Ölkə ərazisində mövcud olan 1607 bələdiyyəyə 15035 üzv seçilməsi ilə nəticələnməli olan seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün MSK ilin əvvəllərindən may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirib. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 30 may 2014- cü il tarixli Qanunu ilə 28 seçki dairəsi üzrə 110 bələdiyyə ləğv olunub və respublika üzrə bələdiyyələrin sayının 1607 olduğu müəyyənləşdirilib. Seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 113 yeni seçki məntəqəsi yaradılıb.

2019

2014-cü il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin qanunvericiliklə müəyyən olunan səlahiyyət müddətinin başa çatmaq üzrə olduğu nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) 18 oktyabr 2019-cu il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi məsələsi müzakirə edilmişdir və həmin iclasda Komissiyanın 7/24 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-də keçirilməsi qərara alınmışdır. Seçkilər təyin olunduqdan sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edildi və seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı bütün layihələr və addımlar Təqvim Planına uyğun reallaşdırıldı.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin də iştirakı ilə MSK-nın 2020-ci il yanvarın 11-də keçirilmiş yekun iclasında geniş müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilən qərarda 39 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1597 bələdiyyənin tərkibinin formalaşmasının (yalnız 2 bələdiyyə tam tərkibdə formalaşmadı) nəzərə alınması və bələdiyyələr üzrə seçilən üzvlərin siyahısının elan olunması öz əksini tapmışdır.