881-Çağrı mərkəzi
Kabinetə giriş

Bələdiyyələrin tarixi

Tarixə nəzər yetirilərsə, Azərbaycanda ilk yerli özünüidarəetmə anlayışının hələ Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövrdə formalaşdığının şahidi olarıq. Çar Rusiyasında şəhərlərin sürətlə böyüməsi, əhalinin sayının artması və sənayenin inkişafı imperiya daxilində idarəetmə sistemi sahəsində müəyyən islahatların aparılması zərurətini yaradırdı.
1878-ci il Bakı şəhərində ilk dəfə olaraq yerli özünüidarəetmə orqanı olan Bakı şəhər dumasına seçkilər keçirilir. Dumaya seçkilərdə hər kəs namizəd ola bilməzdi, seçkidə iştirak üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu. Duma üzvlüyünə ilk başda iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən 1877-ci il dekabrda keçirilmiş seçkilərdə Bakı şəhər dumasına seçilən duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər. Bakı varlılarından isə H. Z. Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları duma üzvü kimi seçilmişdilər.
Bakı şəhərindən sonra 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli Şamaxı, Quba, Lənkaran, Şəki kimi şəhərlərdə məhdud səlahiyyətlərə malik yerli özünüidarəetmə orqanları fəaliyyətə başlayır.
Azərbaycanda bələdiyyələrin fəaliyyəti təkcə Çar Rusiyası dövrü ilə məhdudlaşmır. 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxır. 1918-ci il aprelin 10-da Bakı və onun rayonların İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı şəhər duması ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilir. Bolşeviklər zamanında ləğv edilmiş Bakı şəhər bələdiyyə idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi yenidən bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstəməyə başladılar.
Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi isə ilk dəfə olaraq məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa başladı. 
Respublikada yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılmasını, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir. 
Məhz yeni Konstitusiyanın qəbulundan sonra “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. Bunların sırasında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu qanunların tətbiqi barədə imzalanan fərmanları göstərmək olar. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əksini tapdı.
Beləliklə, Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılmışdı. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi aktlar qəbul edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır.
Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən Ulu Öndər seçkilərin şəffaf, mütəşəkkil keçirilməsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb. Bu seçkilərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılmışdır. Seçkilərin təşkili ilə 90,5 min insan məşğul olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə aktiv iştirak etmişlər. Məntəqə seçki komissiyalarının tərkibi 18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşkilatların nümayəndələrindən tərtib edilmişdi. Məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilmişdir. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınmışdı. Səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6% iştirak etdi. Seçkilər nəticəsində 20 min 454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlayıb. 
Növbəti bələdiyyə seçkiləri 2004, 2009, 2014 və 2019-cu illərdə təşkil edilmişdir. 2009 və 2014-cü illərdə bələdiyyələrin birləşməsi nəticəsində ölkə bələdiyyələrinin sayı azalaraq 1607-yə enmişdir.
Hazırda Azərbaycan Respublikasında 1606 bələdiyyə mövcuddur (“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndini təşkil edən ərazisi Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilmiş və Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilmişdir. Bununla bağlı 2016-cı il 4 aprel tarixli aktla Qoşadizə bələdiyyəsi Babək bələdiyyəsinə birləşdirilmiş və nəticədə Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin sayı 170-ə, ölkə üzrə bələdiyyələrin sayı isə 1606-ya enmişdir). 
2019-cu ildə keçirilmiş seçkilərin nəticəsində əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında xeyli artım müşahidə edilmişdir. Belə ki, qadınların sayı 5.847 nəfər (38,8 %), gənclərin sayı isə 6.012 nəfər (39,9%) olmuşdur.
Ümumilikdə ölkə üzrə 15 mindən çox bələdiyyə üzvü, 3 mindən çox bələdiyyə qulluqçusu fəaliyyət göstərir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə, bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür.
Bələdiyyələr bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Yuxarıda qeyd edilənlər bir daha öz fəaliyyətində bələdiyyələrin müstəqilliyinə təminat verir. Dövlət hakimiyyəti sisteminə daxil olmayan və həmin orqanlardan ayrıca mövcud olan bu orqanlar yerlərdə demokratiyanın real daşıyıcısı, xalq hakimiyyətinin ən perspektivli və səmərəli formasıdır.
Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.